Olmaz (Vəli Bozalqanlı)

Olmaz
Müəllif: Vəli Bozalqanlı
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

 
Sən gəl uyma hərcayiyə, nakəsə,
Naxələfdi, onda düz bazar olmaz.
Ortaq olma bivəfanın tağına,
Zatı yoxdu, şamaması tər olmaz.

Çox aşıq xəlq etdi qüdrət girdiyar,
Olubdu sözləri tamam dildə car.
Cəmi hicran çəkən nə ki aşıq var,
Mənim kimi dərdə giriftar olmaz.

Vəliyəm, açılmaz eynimin yaşı,
Əynimə geymişəm mən qəm libası.
Hər şeyin təzəsi, dostun köhnəsi –
Dönüb ilqarından biilqar olmaz.