Olmaz (qoşma, Aşıq Ələsgər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmaz
Müəllif: Aşıq Ələsgər
Mənbə: Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(7) (az). "Ozan dünyası" jurnalı (2011). Orijinal mənbədən 2017-05-18 tarixində arxivləşdirilib. Yoxlanılıb 2017-05-18.

Arif məclisində bir söz söylərəm,
Nə hədyan, nə çaşqın, nə qələt olmaz.
Nütfədən pak olan, loğmadan halal,
Mərifət elminə nabələd olmaz.

Bir söz söyləyərəm, ariflər qanar,
Müxənnətlər etdiyindən utanar.
Varlıqda dost olma, yoxluqda kənar,
“İyidəm” deyəndə bu adət olmaz.

O dünyanı, bu dünyanı gözləyən,
Həm savabı, həm üsyanı gözləyən,
Namus qədri bilib, nanı gözləyən,
İnşallah, heç yerdə xəcalət olmaz.

Bir şəxsin sənəti istəmək ola,
Səxavət eyləməz, Hatəm Tey ola.
Dövlət tapa, gədalıqdan bəy ola,
Başı ərşə çıxsa, ədalət olmaz.

Ələsgər, mətləbin Xudadan istə,
Kərəm olmaz müxənnəsdə, xəsisdə.
Bəylik, göylük, səylik olan məclisdə,
Qaç ki, orda xeyir-bərəkət olmaz.