Olsa (Zinhari)
Olsa Müəllif: Zinhari |
O igidə mehman gələr,
Əlində çoxlu pul olsa,
Hər kəs onu yaxşı bilər,
Xoşsöhbət, şirindil olsa.
Hər kəsə bir dövran yetər,
Kim qəribdir, halı betər,
Fəqir saya gəlməz, gedər
Gücü, qüvvəti fil olsa.
Yaxşı adam fisqə getməz,
Yaman ayıb açar, örtməz,
İpək, atlas baha etməz,
Əriş-arğacı qıl olsa.
Bu dünyada neçə iş var,
Kimi halal, kimi murdar,
Ol xatının bəxti yatar,
Ərdən ayrılıb dul olsa.
Qəza yosa, adam ölməz,
Ömür keçər, qafil bilməz,
Ölən gedər, geri gəlməz,
Yanıb yerində kül olsa.
Zinhari sözdə xam qoymaz,
Aqil adam ömrün saymaz,
Bu dünyanı görən doymaz,
Yaşı neçə yüz il olsa.