Olsun (Məlikballı Qurban)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olsun
Müəllif: Məlikballı Qurban
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Bir gözəl istərəm Beytüssəfada,
Gözəllər içində xubitər olsun.
Qaşı qövsi-qüzeh, kirpiyi xunriz,
Gözləri nərgiz tək xoş nəzər olsun.

Telləri xurmayı, zülfü siyahı,
Camalı məhv edə şəmslə mahı,
Gərdəni çəkilmiş sanki sürahı,
Məlaik kuyunda sərbəsər olsun.

Cəbhəsi münəvvər3, bədr tək bəyaz,
Cəfasında işvə, səfasında naz,
Canımı almağa baxa sərəndaz,
Cəlladi-xunəfşan əlhəzər olsun.

Yanağı innabı, buxağı hübab,
Teli çöhrəsində edə iztirab,
Sibi-zənəx, püstə dəhan, ləli nab,
Nəfəsi gül kimi müşgənbər olsun.

Sinəsi ağ ola, üzü meydanlı,
Qübbə tək məmələr zər giribanlı,
Beli nazik ola, sağrısı canlı,
Qəddü qamət sərvü sənubər olsun.

Sümükləri xırda, əndamı sadə,
Əl, ayağı bənzər ola şimşadə.
Ələ düşsə bir beləsi dünyadə,
O kəsin iqbalı sərasər olsun.

Yaşı on beş ola, danışan əhval,
Söhbətində huşuməndü pürkamal.
Yaşadıqca gözəllikdə bizaval,
Əvvəl-axır hüsnü bərabər olsun.

Ləhcəsi ahəstə, üzü xoş gülən,
Nüktəşünas əhli-kamal, dərd bilən.
Aşina olmaya ona hər gələn,
Məlikballı kimi mötəbər olsun.