Olu, ya rəb, bu ki, mən rövzeyi-rizvanə gedəm
Olu, ya rəb, bu ki, mən rövzeyi-rizvanə gedəm Müəllif: Molla Məhəmməd Zövi |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Olu, ya rəb, bu ki, mən rövzeyi-rizvanə gedəm?
Rahəti-canım üçün xidməti-Şirvanə gedəm?
Qurtarıb məhbəsi-səhrayi-Muğan cövründən,
Rəşki-firdovsi-bərin sahəti-Şirvanə gedəm?
Xarü xaşakü qarağani-Muğandan qutarıb,
Gülü gülzari-Şəmaxidə gülüstanə gedəm?
Qurtarıb səbhəşümar olmaqdan məsciddə,
Səhni-meyxanədə nuş etməyə peymanə gedəm?
Təngə gəldim bu riyaməslək olan zahiddən,
Ey xoş ol bəzmi-səfa, məşribi-rindanə gedəm?
Məscid əhlində ki, yox zövq, xudaya, nolu bir
Guşeyi-meykədədə məclisi-ürfanə gedəm?
Zövi tək bangi-müəzzindən olub asudə,
Nəğmeyi-taru dəfü bərbəti-xoşxanə gedəm.