Olubdur (Aşıq Mirzə Bilal)
Olubdur Müəllif: Aşıq Mirzə Bilal |
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma |
Bu dünya mülkündə, qədim zamanda,
Neçə-neçə nahaq qanlar olubdur.
Vətəni uğrunda canından keçən,
Babək kimi qəhrəmanlar olubdur.
Süleyman başına qoyan təki tac,
Balıqdan dəryada istədi xərac,
Pir olmuş, olmaz o padşaha möhtac,
Neçə belə Süleymanlar olubdur.
İsgəndər at sürdü şimala-şərqə,
Göz dağı çəkdirdi cənuba-qərbə,
Beş arşın kəfənlə qoyuldu qəbrə,
Bilal, belə çox xəqanlar olubdur.