Olur (Şəmkirli Aşıq Hüseyn)
Olur Müəllif: Şəmkirli Aşıq Hüseyn |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
İki sevgi bir-birini sevəndə,
Aralıqda şirin möhübbət olur.
Bir-birinə nazü qəmzə satanda,
Oynayıb gülüşmək ixtilat olur.
Ətri-gül bənövşə, reyhan gözələ,
Ayqabaq, qaşları kaman gözələ,
Könüldən keçəni qanan gözələ,
Qaş ilə, göz ilə işarət olur.
Zülfü gərdənində əsən zamanda,
Seyrəqib aranı kəsən zamanda,
Yar yardan inciyib küsən zamanda,
Ərin qulluğunda şikayət olur.
Yar yardan dəyişməz rəqib sözünnən,
Taki eşitməsə yarın özünnən,
Nə zamansa kənar getsə özünnən,
Ərəsət, məhşər tək qiyamət olur.
Söyün deyər, usanmaram mən haşa,
Gözüm görə, qəlbim qəlbə qarışa,
İki həsrət bir-birinə qovuşa,
Kəbədən qiymətli ziyarət olur.