Olur (Xəstə Bayraməli)
Olur Müəllif: Xəstə Bayraməli |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Adam var ki, özü qəpiyə dəyməz,
Baxma ki, geydiyi simuzər olur.
Adam var yaranıb xoş niyyət üçün,
Adam var yerindən bədnəzər olur.
Öyrən astarını al qumaşın da,
Yoxla mayasını almaz daşın da,
Adam var nadandı əlli yaşında,
Adam var gənc ikən dərdi-sər olur.
İnanma dünyada müxənnət kəsə,
Qurandan don geyib, mələyəm desə,
Qohum xaindisə, dost xaindisə,
Beləsi düşməndən çox betər olur.
Adam var saatda min yalan söylər,
Sındırar könüllər, dağıdar öylər,
Qanana bir kəlmə kifayət eylər,
Qanmaza yüz desən söz hədər olur.
Bayraməli, dünya kimsə qalası,
Zalım fələk verdiyini alası,
Namərd olmaz mərd atanın balası,
Xərdən xər törəyir, nərdən nər olur.