Olur qəddim düta eşqin yolunda, hər bəla görgəc
Olur qəddim düta eşqin yolunda, hər bəla görcək Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.86. |
Olur qəddim düta eşqin yolunda, hər bəla görcək,
Təriq əhlinə adətdir təvazö, aşina görcək.
Nihan eşqimi mə’lum etsə aləm, dudi-ahimdən,
Əcəb yox kim, gümani-gənc edər xəlq, əjdəha görcək.
Füzun olduqca eşqim gərm olur əşkim gözüm içrə,
Əgərçi su bürudət kəsbini eylər həva görcək.
Oxun hər ləhzə kim, canım dələr, könlüm qılar əfğan,
Be-eyni eylə kim, fəryad edər itlər, gəda görcək.
Rəvaci-nəqd nəqşi-sikkədəndir, nola qədr etsə
Mənə el, cismi-üryanımda nəqşi-buriya görcək.
Məni-dərvişə el həm cövr edər, sən cövr qıldıqca,
Kim eylər zülm mən’in, padihaşım, sən rəva görcək?
Füzulini yaşur, ey zə’f, məhvəşlər cəfasından
Ki, məhvəşlər qılırlar min cəfa, bir mübtəla görcək