Ona (Mikayıl Müşfiq)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ona Müəllif: Mikayıl Müşfiq |
Könül oğurlayan bir adı vardır,
Mələk deyil, amma qanadı vardır.
Siyah qaşlarının kölgəliyində
Daima çırpınır iki göyərçin.
Qonaraq könlümün budaqlarına,
Hər gün şeir oxuyurlar onlar mənimçin.
İndi öz-özümə inanmışam mən,
Nə qədər bəxtiyar insanmışam mən,
Saçları andırır zərrin suları,
Tökülüb axdıqca umuzlarına.
Oxşayır bədəni, bəyaz əndamı
Kölgədə bəslənmiş quzey qarına.
Amandır əsməsin tufan yelləri
Solar eşqimizin qönçə gülləri.