Oqtay Eloğlu/Birinci pərdə

Oqtay Eloğlu. Birinci pərdə
Müəllif: Cəfər Cabbarlı
İkinci pərdə


Səhnənin arxası. Solda Oqtayın bəzənəcəyi. Bir tərəfdə bəzəntilər və başqa səhnə şeyləri. Aktyorlar "Gavə" qiyafələrində oraya buraya gedirlər.

N a d y a. Firəngiz, qoy pərdə qalxsın. Aslan bəy lojada otursun. Sonra gələrik, yoxsa bizi burada görərlər. Hələlik Oqtay da məşğul olar.

F i r ə n g i z. Yaxşı, Nadya, bu gün daha utanmayacağam, gələcəyəm. (Gedirlər)

Oqtay və Tamara girir.

O q t a y. O, tam başqa bir sözdür. Sonra zalım, yırtıcı bir hökmdar qarşısəndasənız, əllərinizi qorxulu bir həyəcan içində uzatmış, bax belə. (Göstərir.) Deyirsiniz. Söyləyin.

T a m a r a. Onun xabarı bala yoxdur.

O q t a y. Yenə bala! Belə ey, belə!

T a m a r a. Nu, bala je deyirəm. Bala, bəla!

O q t a y. "Bala" eto rebyonok, "bəla" eto nesçastye, a "belə" eto znaçit tak.

D u r s u n. Oqtay, salonu dağıtdılar. Saat ondan işləyir.

O q t a y (Dursuna). Bu saat. (Tamaraya) Siz öyrənin, mən bu saat!

T a m a r a. Oqtay mən rolumu yaxşı öyrənmişəm, ancaq bir az sözlərini deyə bilmirəm.

D u r s u n. Bəs biz nə sayaq eləyək, gecə keçdi, heç bir şey hazır deyildir.

O q t a y. Xaspolat gəldimi?

D u r s u n. Yox!

O q t a y. Şəkinski?

D u r s u n. Heç birisi.

O q t a y. Dedim ki, evlərinə adam göndərin.

D u r s u n. Üç yol göndərmişəm, evdə yoxdur.

O q t a y. Axı indi mən başıma nə daş salım?! Bu da insanlıqdır ki, camaatı dörd divar arasına doldur da, özün baş götür, çıx get! Axı biri anlamalıdır ki, onsuz da teatrdan qaçan xalqımızı, yalvararaq bilet satdığımız üç-dörd zavallını da qaçırırsınız.

M a z a n d a r a n s k i. Oqtay, antreprenyor mənzil pulu istəyir. Deyir, pərdədən əvvəl mənim pullarəm verilməlidir.

D u r s u n. İndi nə etməli?

O q t a y. Bəs Tabasaranski haradadır? Get, söylə, adamlar gəlməmiş adam tapsın.

M a z a n d a r a n s k i. Raboçilərə də dedi, hamısı getdilər. Çıxıb getdilər.

D u r s u n. Oqtay! Bu gecə heç bir şey çıxmayacaqdır. Camaat da azdır. Çarəsi yox, oyunu saxlamalıyıq.

O q t a y. Olmaz! Sən get, söylə adamlar gəlməmiş. Xalqı oyuncaq kimi əldə oynada bilməz. Bu gün saxlasan, sabah kimsə bu qapıdan keçməz. Bir nəfər də olsa, oyun getməlidir. İvanovski haradadır? (Getmək istərkən.)

T a m a r a. Oqtay bəs mən nə parik geyəcəyəm?

O q t a y. Tapşırmışam, gedin, alın!

R ü s t ə m (bağıraraq). Oqtay, bu zəhrimar qalxanın bəs dəstəsi olmaz?

O q t a y. Allahın boynu sınsın, bilmirəm, bu 400 milyon qoyun kimə gərəkdir?! Qardaşım, qalxanın dəstəsi yoxdur, bax, budur, bir parça ip, sarı, olsun dəstə.

Ş a h q u l u. Oqtay, İvanovski Gavədən əvvəl Zöhhakın taxt-tacını sərnigun elətdirdi. Deməli, oyun qurtardı.

O q t a y. Əsəd bəy onu görmədimi.

Ş a h q u l u. Əsəd bəy ona dedi ki, oyun cəmiyyəti-xeyriyyə üçün oynanır. Sabah cəmiyyətin pulundan da olsa, mənzil kirayəsini verərəm. Qulaq asmadı. O da dedi oynamasın, çıxdı getdi. Dekorasiyaları da söküb hərəsini bir divara söykədilər. Özləri də gedirlər.

O q t a y. Yəni kassada heç pul yoxdur? Heç olmasa...

Ş a h q u l u. Baxdılar, vur-tut səkkiz manat pul var idi. Onu da paltar üçün vermişlər.

O q t a y. Allahu əkbər!

Ş a h q u l u. Oqtay, indi ki Əsəd bəyə də demişsən, gəlin oyunu saxlayaq, başqa çarəsi yox...

O q t a y. Olmaz! Oyun saxlanmaz, xalqı çiyrindirirsiniz; anladınızmı? Şahqulu, al bu üzüyümü apar ver, söylə, sabah parasını düzəldib verərik. (Şahqulu gedir.) Tabasaranski nə oldu? Dursun! (Çağırır)

D u r s u n. Tabasaranski keflənmiş, yatmışdır. Dedim, dedi, cəhənnəmə olsun hamısı, oynamasın. Deyir, mən rejissoram, belə deyirəm.

O q t a y. Bunlar Azərbaycan xalqı üçün sənət yaradacaq, mübarizə aparacaq, səhnə düzəldəcəklər. Dursun, get söylə, birinci pərdədə Həsən də soyunsun, Xaspolatın rolunu oynasın.

M a z a n d a r a n s k i. Canım, düz gəlmir, oynamayanda qiyamət qopmaz ki...

R ü s t ə m. Oqtay, qılıncım yoxdur ha.

D u r s u n. Oqtay, İlyasgil qapıları bağlayıb meyxana deyirlər. Həsən də qumar oynayır. Qulaq asmadılar. (Dursun gedir.)

T a m a r a. Oqtay, daha mən də gedib soyunum da.

O q t a y. İlyas! (Getmək istərkən) Bir dəqiqə durun.

Ş ə k i n s k i. Bu oğlan aşiqdir Leyli adlı bir gözələ. (Bağıraraq çıxır.)

O q t a y. Zəhrimar, Leyli adlı bir gözələ, səkkiz saatdır camaat gözləyir, saat on birdə durub gəlmiş ki, Leyli adlı bir gözələ.

Ş ə k i n s k i. Saat on bir haradan oldu? Nə eləyim acından ölməyəcəyəm ki, işim bitməmiş durdum gəldim, deyəsən, saman yeyəcəyəm. Top kimi partlayır. Sanki əlimə imperial-filan sayacaqdır.

O q t a y. Əzizim, quzum, gözüm, mən pul alıram, sən yox? Boynuna götürmüşsən, barı camaatdan, səhnədən utan!

Ş a h q u l u. Oqtay, İvanovski çıxıb getmiş, üzüyü verdim, Dursun aparıb onu tapsın. Bilmirəm...

X a s p o l a t. Oqtay, mən hansı qapıdan çıxacağam?

Ş a h q u l u. Heç qapı var ki, çıxasan!

O q t a y. Odur də, Xaspolat, əzizim, bu vaxtadək haradasan?

X a s p o l a t. Vallah, Oqtay, bir-iki gün orucum qalmışdı ki, bu gün iftar açdım.

O q t a y. Oruc sənin belini sındırsın! Məsuliyyət qanmayan dilsiz-ağızsız heyvanlar kimi əyilib-qalxan, yeyib-yatan zavallılar. On gündür çalışıram, deyirəm, gecə yarıdır, durub gəlmişsən, hansı qapıdan çıxacağam! Gəl bura, Muxan oturdu, soldan çıxdın... Baş əydin. Əyil. (Özü əyilir) Əyil də!

X a s p o l a t. Oqtay, mən orada elərəm.