Oturmuş bir gəlin daşın üstündə
Oturmuş bir gəlin daşın üstündə Müəllif: Dadaloğlu |
Oturmuş bir gəlin daşın üstünə,
Daramış zülfünü qaşın üstünə.
Bir salam göndərdi başım üstünə,
Alaram qız səni, qoymam illərə.
Bir daş atdım qarlı dağlar ardına,
Yuvarlandı düşdü yarın yurduna.
Mən yenə də düşdüm sevda dərdinə,
Alarım əhdimi qoymam illərə.
Atımın quyruğu cura saz kimi,
Divana vurmuş da ərgən qız kimi.
Allanmış yanağı bahar yaz kimi,
Gətirin Qır atı, göçüm ellərə.
Mən Dadaloğluyam oldum qəsdinə,
Gəlib keçən salam verər dost mənə,
Köçəkmi bilmirəm Namrun üstünə,
Gedimmi bu qəhbə bolqar ellərə?