Oxu (1936)
Müəllif: Mikayıl Müşfiq

Oxu, sevdiciyim, öz həvəsinlə!
İlham qanadlanır sənin səsinlə.
Nəğməndə oynasın sellərin səsi,
Dan yerindən əsən yellərin səsi.
Gülləri qoxlayan bir ruzgar kimi,
Qumları oxşayan dalğalar kimi
Titrəyən, çağlayan nəğmən olaydım,
Ürəyindən qopan səs mən olaydım,
Oxu! Qüvvət gəlsin şe`rə, sənətə,
Könlümün quşunu gətir heyrətə!
Nə qədər bənzəyir, vardım fərqinə,
Ömrümün ahəngi sənin şərqinə.
Ürək kövrəkləşir sən oxuyanda,
Sən də dinləsəydin mən oxuyanda!
Oxu, sevdiciyim, öz həvəsinlə!
İlham qanadlanır sənin səsinlə!

1936