Oy oda məni
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Mən qürbətin qucağında yatıram,
Bir kimsənəm yoxdu, oyada məni.
Yavaş – yavaş qəm gölündə batıram,
Harda yaxaladı oy, qada məni!?

Tor görür gözlərim, gəzə bilmirəm,
Dərdimi vətənə, yaza bilmirəm,
Arvadın cəbrinə dözə bilmirəm,
Didir, parçalayır, oy, o da məni.

Qul Heydərəm, bir il qürbətdə qalan,
Yurdu talan olan, eli dağılan.
Şamu - səhər bu Mərənddə ağlayan,
Zalım fələk salıb, oy, oda məni.