Oynaşır
Oynaşır Müəllif: Aşıq Pəri |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Katiblərin şahı dəftər içində
Qələm ilə nazik əllər oynaşır.
Fitnəli, fellisən, nazü-qəmzəli,
Dəhanında şirin dillər oynaşır.
Eşqinin əlindən gedərəm bada,
Dərdim olur gündən-günə ziyada,
Şivəyi-rəftarın düşəndə yada
Bağrımın başında millər oynaşır.
Dad elərəm, haray naşı əlindən,
Yandı cigər eşq ataşı əlindən,
Mən nə deyim gözüm yaşı əlindən,
Üzüşür sonalar, göllər oynaşır.
Adam var dolanır məkrin içində,
Adam var dolanır zikrin içində,
Sənin kamalında, fikrin içində
Əcaib-qəraib hallar oynaşır.
Pəriyəm, xəlq ara olmuşam bacı,
Kimsənin kimsəyə yox ehtiyacı,
Bəlxü Buxaranın, Hindin xəracı
Zənəxdanda siyəh xallar oynaşır.