Oynaşır (Mirzə Həsən bəy Mirzə)

Oynaşır
Müəllif: Mirzə Həsən bəy Mirzə
Mənbə: Ənvər Çingizoğlu. Vəzirovlar soyu. Bakı: "Soy" dərgisinin xüsusi buraxılışı, 2008, 88 səh.

Lalə yanağında badi-səbadən
Ucu tər cıqqalı tellər oynaşır.
Süzgün baxışından xumar gözlərin
Hiylələr, fitnələr, fellər oynaşır.

Cəm olubdur hüsnün, bu vəcahətin,
Yetməsin zəvalə çeşmi-afətin,
Yayınsa bir zaman sərvi-qamətin,
Gözüm içrə qanlı sellər oynaşır.

Boyun yaraşıqda qiyamət eylər,
İşvəni, qəmzəni bu babət eylər,
Ağ məmə köynəyə zərafət eylər,
Kəmər ilə nazik bellər oynaşır.

Mum tək incəlmişəm incə belindən,
Sövdayə düşmüşəm siyəh telindən,
Titrədikcə zülfün səhər yelindən,
Sanasan gülşəndə güllər oynaşır.

Etdikcə vəsfini Mirzə mükərrər,
Tazələnib ruhum olur müəttər,
Gülüstanda zülfün kimi müənbər
Nə susənlər, nə sünbüllər oynaşır.