Oynamasın (Xəstə Hasan)

Oynamasın
Müəllif: Xəstə Hasan
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

Geyinib-kecinib toya gedənlər,
Amanat, amanat qız oynamasın.
Cavandı oynamaq ona xoş gedər,
Yüngüllük eyləyib tez oynamasın.

Yad-yağılar əyri-üyrü baxarlar,
Ağ əllərə əlvan həna yaxarlar,
Töhmət edər, başımıza qaxarlar,
Kəlağay altından göz oynamasın.

Xəstə Hasan deyər: alagöz yarım,
Sənə qurban olsun dövlətim, varım.
Demirəm oynamasın, oynasın yarım,
Ədalı-işvəli naz, oynamasın.