Başına döndüyüm, toy adamları,
Siz də deyin toya gələn oynasın.
Adını demirəm eldən ayıbdır,
Filankəsin qızı, filan oynasın.
Nə müddətdi ona güvənən bizik,
Həsrətin çəkməkdən canımız üzük,
Hər əlinə alıb bir danə üzük,
Üzüyü dəstinə alan oynasın.
Bir tuba boyludur, boyu növrəstə,
Həsrətin çəkməkdən olmuşam xəstə,
İşarət eylərəm anlayan dosta,
Dostunun qədrini bilən oynasın.
Mən Molla Vaqifəm, eylərəm əfğan,
Gözlərim də yaş yerinə tökər qan,
Uzun boylu, yeniyetmə, novcavan,
Məni bu dərdlərə salan oynasın.