Oynatmasın
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Ərəsət günüdür, qoç igidlərim,
Düşmənlər əlində daş oynatmasın.
Mərdin qabağına çıxmasın namərd,
Müxənnət sevinib qaş oynatmasın.

Qara zurna çalır döyüş cəngini,
İgidlər oynayır millət səngini,
Əzin, igidlərim, düşmən əngini,
Başsız qalan kafir baş oynatmasın.

Ey Allah, sən yetiş mərdin dadına,
Qoy xətər gəlməsin Heydər adına.
Onun xatirinə, onun adına,
Gələnlər gözündə yaş oynatmasın.