Pəh-pəh-pəh
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Səmaya boylandım pərimi gördüm,
Baxdım da bəyəndim, dedim pəh-pəh-pəh.
Əvvəl büsat aldım o bir afitab,
Bilmədim əylənim gedim pəh-pəh-pəh.

Heyif ki, mən elə yamanı gördüm,
Hayana baxdımsa Yəməni gördüm.
Hələbi, Misiri, Yəməni gördüm,
Qohumum, qardaşım, elim pəh-pəh-pəh.

Könül minib yenə öz ərbabını,
Ustasan, tanıynan o zər babını.
Hər kim ki, tanıyar o zərbabını,
Məmmədhüseyndi adım pəh-pəh-pəh.