Pələngin dərisi niyə zolaqlıdır?

Pələngin dərisi niyə zolaqlıdır?
Müəllif: Şifahi xalq ədəbiyyatı


Heyvanlar əvvəllər indiki kimi olmayıblar. Qədimlərdə qarğa günlü havada səma boyu süzən buludlar kimi ağappaq idi. Pələngin dərisində isə bir dənə də olsun zolaq yox idi. Pələng qızılı dərisi ilə çox fəxr edirdi, çünki qızılı rəng onun birbaşa şah nəslindən olduğunu göstərirdi. Təkcə insanın müdrikliyi haqqındakı söz-söhbət pələngin qanını qaraldırdı. Pələng heyvanların hamısından güclüydü və bu gücü ilə öyünürdü, amma çox istəyirdi ki, meşədə onun müdrikliyi haqda da danışsınlar. Di gəl ki, söz-söhbət yalnız insanın müdrikliyindən gedirdi. Yenilikləri hamıdan tez bilən qeybətcil tutuquşular da, öz kölgələrindən qorxan yüngül antiloplar da, hətta heç vaxt yuvalarını tərk etməyən ilbizlər də insanın müdrikliyindən danışırdılar. Pələng insan müdrikliyinin nədən ibarət olduğunu öyrənmək qərarına gəldi. Bir gün pələng, cəngəllikdən çıxanda tarlada kotan çəkən kələ rast gəldi. Kotanın dalınca balaca bir oğlan gedirdi və hayküylə kəli sürürdü, orada bir də uzun çubuqla vururdu. Kəl şırımı axıra çatdırdı, oğlan su içmək üçün bulağa qaçdı, pələng kələ yaxınlaşıb soruşdu:

– Bura bax, ay kəl, sən ki, belə böyüksən, belə güclüsən, bəs balaca bir adamın səni sürməsinə niyə imkan verirsən, hətta onun zərbələrinə də dözürsən?

– İnsan doğrudan da balaca və zəifdi, – deyə kəl cavab verdi, – amma onun ağlı var, buna görə də bütün heyvanlar ona tabe olur.

Kəlin sözləri pələngin xoşuna gəlmədi, amma elə bu vaxt yer şumlayan oğlan geri qayıtdı və pələng saymazyana ona baxaraq dedi:

– Qulaq as, balaca adam, sənin ağlın haqqında çox eşitmişəm, ağlını mən özüm yoxlamaq istərdim. Müdrikliyini mənə göstərərsənmi?

– Bəli, mənim müdrikliyim var, – deyə oğlan cavab verdi, – amma bu gün yaman tələsirdim və yadımdan çıxıb evdə qalıb.

Pələng dedi: – Onda qaça-qaça get gətir, sənin müdrikliyini hökmən görməliyəm.

Oğlan bir az fikirləşib cavab verdi:

– Qaçmağına qaçardım, amma kəli burada qoymağa ürək eləmirəm, qorxuram ki, yeyəsən. Gəl səni sarıyım, onda əmin olaram ki, ürəyindən keçsə də kəli yeyə bilməyəcəksən. Ancaq bu şərtlə kəndə gedib müdrikliyimi gətirərəm.

Pələng razılaşdı və oğlan onu lianalarla bərk-bərk sarıdı. Axırıncı düyünü möhkəm bağladıqdan sonra oğlan yerdən yoğun bir bambuk ağacı götürdü və var gücü ilə pələngi kötəkləməyə başladı, vurduqca deyirdi:

– Al! Diqqətlə bax! Bax, mənim müdrikliyim bundadır!

Pələng heyrətdən özünə gələ bilmirdi, gözləri bərələ qalmışdı, sonra ağrıdan bağırdı, əbəs yerə düyünləri açmağa çalışdı. Oğlan əlləri ağrıyanacan pələngi döydü. Sonra sarıqlı pələngi tarlanın qırağındakı tonqalın yanına sürüyüb gətirdi və odun içinə atdı. Kəndirlər alışıb yandı, pələng isə ağrıdan və qorxudan qışqıraraq alovun içindən sıçrayıb çıxdı və götürüldü. Pələngin qızılı dərisi yanmış kəndirlərin qara zolaqları ilə əbədilik örtüldü. Buna görə də indi pələngin bütün bədəni qara zolaqlarla doludur.

Oğlanın pələngi məharətlə aldatdığını görən kəl məmnunluqla güldü. Kəl qəhqəhə çəkib elə bərkdən gülürdü ki, hətta ayaq üstə dayana bilməyib yerə yıxıldı və bütün qabaq dişlərini sındırdı. Buna görə indinin özündə də Vyetnamdakı bütün kəllərin qabaq dişləri yoxdur.