Pənc Ali-Əba
Pənc Ali-Əba Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
İbtida "əlif"dən dərsim almışam,
Ələst aləmində demişəm "bəli".
Həqiqətdən iki gözəl sevmişəm,
Birisi Məhəmməd, birisi Əli.
Əlidən dərs aldım, eylədim əzbər,
Ərşin sütunudu, yerlərə ləngər.
Fatimeyi-Zəhra, şafeyi-məhşər,
Onu seçdim gözəllərin gözəli.
Həsən əl-müctəba, çoxdu şövkəti,
Ərşin güşvarəsi, yerin zinəti,
Məhşər günü darda qoymaz ümməti,
Əsğər qucağında şah Hüseyn gəli.
Xaliqi-ləmyəzəl vahid əl-yektay,
Qüdrətindən kamal verib mana pay.
Oxu "əlif", "ğeyn", eylə haqq-say,
Arif seçər əbcəd ilə cəm əli.
Günahım dəryadı, özüm qanmışam,
Tutduğum işlərə çox utanmışam,
Püşti-pənahına daldalanmışam,
Adım Ələsgərdi, əslim – göyçəli.