Pəri (Molla Pənah Vaqif)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Pəri (Molla Pənah Vaqif)
Müəllif: Molla Pənah Vaqif
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Boyun sürahidir, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!

İxtilatın şirin, sözün məzəli,
Şəkər gülüşündən canlar təzəli,
Ellər yaraşığı, ölkə gözəli,
Nə gözəl doğubsan anadan, Pəri!

Üz yanında tökülübdür tel nazik,
Sinə meydan, zülf pərişan, bel nazik,
Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri!

Ovçusu olmuşam sən tək maralın,
Xəyalımdan çıxmaz hərgiz xəyalın,
Ənliyi, kirşanı neylər camalın,
Sən elə gözəlsən binadan, Pəri!

Günəş təki hər çıxanda səhərdən
Alırsan Vaqifin əqlini sərdən.
Duaçınam, salma məni nəzərdən,
Əskik olmayasan sənadan, Pəri!