Pəri xanımın nağılı

Pəri xanımın nağılı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri varmış, biri yoxmuş, bir padşahla vəzir varmış, Bunların uşaqları olmurmuş. Bir gün bir dərviş gəldi padşahın qapısına. Qəsidə oxuyurdu.

Buna pay verdilər. Dərviş payı almayıb dedi:

– Mən padşahın özünü görmək istəyirəm.

Padşaha xəbər verdilər. Padşah dedi:

– Buraxın gəlsin.

Dərviş gəldi padşahın yanına. Padşah dedi:

– Ağa dərviş, mənnən nə işin var?

Dərviş dedi:

– Eşitmişəm ki, sizin və vəzirinizin uşağı olmur. Ona görə də mən alma gətirmişəm ki, bölüb yarısını sən öz hərəminlə, yarısını da vəzir öz hərəmilə yeyəsiz.

Padşah almanı dərvişdən aldı, özünü də hörmətlə yola saldı.

Dərviş gedəndən sonra, padşah vəziri çağırdı. Almanı böldü. Yarısını özü götürdü, yarısını da vəzirə verdi. Dedi:

– Bunu sən öz hərəminlə ye, bunu da mən öz hərəmimlə yeyim.

İnşallah, Allah bizə övlad verər. – Bunlar elə də elədilər.

Bəli, bunların arvadlarının boynuna uşaq düşdü. Padşah vəzirlə şərt kəsdi, əgər mənim qızım olsa, sənin oğlun, onda mən qızımı verəcəyəm sənin oğluna. Sənin qızın olsa, onda sən qızını verərsən mənim oğluma. Hər ikisi razı oldu. Bunların hər ikisinin arvadları doqquz ay, doqquz saat, doqquz dəqiqə keçdi oğlan doğdu. Hər ikisinin oğlu oldu. Padşahın oğlunun adını Allahverdixan, vəzirin də oğlunun adını İmamverdixan qoydular. Bunlara baxmaq üçün, adam təyin elədilər. Uşaqlar altı-yeddi yaşına çatanda qoydular məktəbə. Bunlar ikisi də bir-birindən ayrı dura bilmirdilər. Bir yerdə olurdular. Vaxt keçdi, il dolandı, bunlar on beş-on altı yaşlarına çatdılar. Novruz bayramının günü idi. Bunlar hər ikisi gəldi padşahın yanına mübarəkbadlığa.

Padşah vəzirilə əyləşmişdi. Padşah dedi:

– Vəzir, bunlar ki, gəlib bizə bayram münasibətilə mübarəkbadlığa, indi biz bunlara nə bağışlayaq?

Vəzir dedi:

– Qibleyi-aləm, hökm sənindi, nə bağışlayırsan, özün bilərsən.

Padşah dedi:

– Vəzir, mənim o biri otağımda bir sandıq var, onu gətir.

Vəzir gedib sandığı gətirdi. Sonra padşahın barmağında bir üzük var idi ki, bütün xəzinəsinin pulu ilə bərabər idi. Padşah üzüyü çıxardıb verdi vəzirin oğluna, sandığı da verdi öz oğluna. Bu oğlanlar getdilər öz otaqlarına. Padşahın oğlu vəzirin oğluna dedi:

– Ey qardaş, bu üzük ki, var, aşkar bir şeydi — indi gəl açaq, görək bu sandıqda nə var?

Sandığı açdılar. Gördülər ki, sandığın içində gözəl bir pəhləvan paltarı var. Padşahın oğlu bu paltarı geydi. Əlini saldı cibinə, gördü ki, bir qız şəkli var. Oğlan şəkli görən kimi özünü itirdi, ağlı başından çıxdı. Bir könüldən min könülə aşiq oldu ona. Bu oğlan fikirdən sapsarı saralmışdı.

Padşah gördü ki, oğlu günü-gündən arıqlayır. Heç kim də dərdinə dərman eləyə bilmir. Fikirləşib vəzirin oğlunu öyrətdilər ki, onun dərdini öyrənsin. Vəzirin oğlu padşahın oğlundan soruşdu:

– Qardaş, sənə nə olub ki, bu günə düşübsən, dərdin nədi?

Padşahın oğlu dedi:

– Qardaş, o şəkil ki, səninlə gördük, o məni bu dərdə salıb. Əgər atam onu mənə almasa, öləcəyəm.

Vəzirin oğlu getdi padşaha dedi:

– Qibleyi-aləm, sən ki, oğluna sandıq bağışladın. Onun içindən bir dəst pəhləvan paltarı çıxdı. Onun da cibindən bir qız şəkli. İndi sənin oğlun o qıza aşiq olub. – Padşah barmağını dişlədi.

Padşah vəzirə dedi:

– Vəzir, mən bir böyük səhv eləmişəm, gərək o şəkli götürüb, sonra sandığı verəydim ona. Bu, hurilər padşahının qızının şəklidi. Nə qədər elədimsə, onu mənə vermədilər. Dedilər biz bəni-adəmə qız vermərik. Dava elədimsə də gördüm ki, bir şey çıxmayacaq, oturdum yerimdə.

Padşah oğlunu çağırıb dedi:

– Oğul, kimin qızını istəyirsən istə, gedim alım, ancaq onlar hurilərdi, bizlərə qız verməzlər.

Oğlan dedi:

– Atayi-mehriban, olsa odu, başqasını istəmirəm.

Buna çox dedilər, bu az eşitdi. Padşah dedi:

– Oğul, neçə ildi ki, övlad üzünə həsrət idim, sən oldun. İndi də gedirsən, həlak ola bilərsən, sən gəl qayıt bu yoldan. – Bu sözlərin heç biri oğlana əsər eləmədi.

Padşahın oğlu dedi:

– Atayi-mehriban, öldü var, döndü yoxdu. İzn ver, mən özüm gedim, ya ölərəm, ya da ki, onu allam.

Axırda padşah qoşun-ləşkərlə onu yola salmaq istədi. Oğlan dedi:

– Atayi-mehriban, mənə qoşun-ləşkər lazım deyil. Mən özüm gedib onu tapacağam.

Vəzirin oğlu dedi:

– Qardaş, mən də səninlə gedirəm. Sən harda, mən də orda.

Bunlar ataları ilə halallaşıb, görüşüb getdilər. Az getdilər, çox dayandılar, çox gedib az dayandılar, iynə yarım yol getdilər. Gəlib çıxdılar bir başqa padşahın vilayətinə. Padşaha xəbər apardılar, bəs İsfahan padşahının oğlu gəlib sizi görmək istəyir. Bu padşah o padşaha tabe idi. Ona görə vəziri göndərdi ki, get onları hörmətlə bura gətir ki, ataları bizdən inciməsin.

Bəli, bunları hörmətlə iki-üç gün qonaq saxladılar. İndi bunlar getməli oldular. Padşah soruşdu:

– Siz hara gedirsiniz?

Oğlanlar dedilər:

– Biz gedirik hurilər padşahının qızını gətirək.

Vəzirin oğlu bütün başlarına gələni padşaha nağıl etdi. Padşah dünyagörmüş bir adam idi. Ona görə də dedi:

– Oğlanlarım, siz bu yoldan əl çəkin, bizlərin gücü onlara çatmaz. Kimi istəyirsən sənin üçün alaq. – Üstəlik padşah öz qızını, vəzir də öz qızını ona göstərdi.

Padşahın oğlu razı olmadı ki, olmadı.

Axırda dedi:

– İndi ki, belədi, yaxşı yol. Ancaq oranın yolunu özüm tanımıram.

Padşah ölkəsində nə ki, qoca adamlar var idi, çağırdı ki, hurilər padşahının vilayətinin yolunu bunlara göstərsinlər. Kimi çağırıb soruşdusa heç kəs bilmədi. Eşitməyə eşitmişik, ancaq yolunu tanımırıq, – dedilər.

Bir qoca kişi qalmışdı. Onun yaşı bu birilərindən çox idi. Onu çağırdılar. Bu kişi gəldi, dedi:

– Mən də bilmirəm. Ancaq bir pirani qoca kişi var, o bilər.

Bəli, gedib onu çox ehtiramla padşahın hüzuruna gətirdilər. Padşah xəbər aldı:

– Qoca, hurilər padşahının vilayətinə necə getmək olar?

Qoca abid dedi:

– Mən özüm cavanlıqda ora getmişəm. Çox çətin işdi. Bizimlə onların arasında dəniz var. Gərək o dənizlə gedəsən. — Özü də səhmanını göstərdi ki, gün çıxan tərəfə gedəsən. Ancaq bir gəmi düzəltməlisiniz.

Padşah bir neçə gəmi düzəltdi. Yol azuqəsi də qoydu. Dava paltarı, qılınc, qalxan, nə lazımdırsa, padşah hamısını düzəltdi. Öz pəhləvanlarından bir neçəsini də bunlarla yola saldı. Bunlar bir aya kimi yol getdilər. O şəhərə bir az qalmış bərk külək əsdi. Gəmilərin hamısını batırdı. Padşahın oğluynan vəzirin oğlu sağ qaldı. Hərəsi bir gəminin taxtasından tutdular. Bərk külək əsdi. Bunlar bir-birilərini itirdi. Hərəsi bir tərəfə düşdü. Külək padşahın oğlunu gətirib çıxartdı dənizin kənarına. Bərk acmışdı. Qabağına meşə çıxdı. Bir az meyvə yedi. Bu vaxt bir qayışbaldır atıldı bunun boynuna. Padşahın oğlu nə elədisə aça bilmədi. Nə qədər gəzdi, lap əldən düşmüşdü.

İndi sənə kimdən xəbər verim, üç bacı göyərçindən. Böyük bacı kiçik bacıya dedi:

– Bacılı-bacılı, bilirsən bu kimdi, bu İsfahan padşahının oğludu. Bir çox zillətdən sonra gəlib çıxıb bura.

Kiçik bacı dedi:

– Bəs bu nə etməlidi?

Böyük bacı dedi:

– Ey oğlan, yatmısan oyan, oyaqsansa eşit, gərək o getsin bir az o tərəfə. Qabağına bir tikanlı ağac çıxacaq. Gərək ondan bir qanad kəssin, onda qayışbaldır özü düşüb gedəcək.

Padşahın oğlu ha istəyir getsin o ağaca tərəf, qayışbaldır qoymur. Axırda birtəhərlə oğlan ağaca yaxınlaşır. Qayışbaldır tez oğlanın boynundan düşüb gedir. Oğlan bərk acmışdı deyin, meşədə bir az meyvə dərib yeyir, meşədən çıxır. Uzaqdan bir qalaça görünür. Padşahın oğlu gedir o qalaçaya tərəf. Girir içəri, heç kimi görmür. O biri qapını açır. Heç kimi görmür. Keçir üçüncü qapını açır. Görür həmin şəkildəki qız burda yatıb. Oğlan bir az da diqqətlə baxdı gördü ki, yox, bu o qız deyil.

Bu vaxt qız yuxudan ayıldı, gördü başının üstündə bir oğlan durub. Oğlan nə oğlan, yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə. Allah-taala öz qüdrətindən bunu yaradıb! Oğlan çox gözəl idi. Qız bir könüldən min könülə buna aşiq oldu.

Qız soruşdu:

– Ey oğlan, sən kimsən, niyə bura gəlibsən? İndi bu zalım ifritə div gəlib, səni öldürəcək. Gəlməyinə də az qalıb.

Oğlan başına gələn qəzanı bu qıza danışdı, sonra şəkli çıxartdı, qıza göstərdi. Qız baxan kimi, bir ah çəkdi, şəkli öpüb basdı ürəyinə.

Qız dedi:

– Oğlan, bilirsən bu kimdi? Bu hurilər padşahının qızıdı. Mənimlə bacılıqdı. Mən də hurilər padşahının vəzirinin qızıyam. Adım da Narxanımdı. Mən çıxmışdım bağa gəzməyə. Bir div məni oğurlayıb gətirib burada dustaq eləyib. Ata-anamgil mənim yerimi bilmirlər.

Oğlan dedi:

– Ey qız, indi mən necə edim ki, divi öldürüm, səni buradan xilas edib, aparım atanın vilayətinə?

Qız dedi:

– Ey oğlan, bu divin bir qardaşı var. Hər ay gedirlər çalıb-çapırlar. Sonra gəlib yeddi gün yatırlar: hələ onların gəlməyinə iki-üç gün qalıb. Sən bir gəmi hazırla, divin canı o taxçada bir şüşə var, ondadı. Şüşəni sındırıb, divi öldürəndən sonra gəmiyə minib qaçarıq.

Oğlan gəmini qayırdı, sonra gedib şüşəni çıxartdı. İstədi şüşəni vursun daşa. Bu vaxt div nəriltiylə-gurultuyla gəlib çıxdı. Çox yalvardı ki, oğlan şüşəni daşa vurmasın. Özü də dedi:

– Ey oğlan, sən gəl məni öldürmə, nə istəsən verərəm.

Ancaq qız dedi:

– Sən onun sözünə baxma. Vur şüşəni daşa, canı çıxsın.

Oğlan şüşəni vurdu daşa. Div öldü. Bunlar vəzndə yüngül, qiymətdə ağır nə var idi yığdılar, özləri də mindilər gəmiyə, düşdülər yola. Az getdilər, çox getdilər, gəlib çıxdılar öz vilayətlərinə. Bunlar vəzirə xəbər göndərdilər ki, qızın gəlir. Vəzir inanmırdı. Sonra fikirləşib bir neçə adamla çıxdı qızının qabağına. Vəzir qızını görən kimi qucaqlayıb öpdü. Oğlan isə durub kənardan baxırdı.

Qız dedi:

– Ata, mənə yaxşılıq eləmək istəyirsənsə, bu oğlana hörmət elə. Məni divin əlindən o qurtarıb.

Bəli, oğlanla qızı vəzir gətirdi evlərinə. Oğlanı göndərdilər hamama, paltarını dəyişdilər. Vəzirin qızı oğlanın başına gələni atasına danışdı. Qız ata-anasına yalvardı ki:

– Ata, birtəhər eləyin, padşahın qızını buna göstərin.

İndi sizə kimdən xəbər verim? Hurilər padşahının qızından. Padşahın qızı eşitdi ki, vəzirin qızı gəlib. Durub gəldi onun yanına. Qızlar bağda oturmuşdular. Vəzirin qızı padşahın oğlunu bir tərəfdə gizlətdi ki, qıza baxa bilsin. Hurilər padşahının qızı vəzirin qızından başına gələni soruşdu. Vəzirin qızı başına gələni ona danışdı. Özü də padşahın oğlu necə divin əlindən onu qurtardığını da dedi.

Sonra vəzirin qızı dedi:

– Xanım, özü də bu oğlan səndən ötrü bura gəlib.

Bunu deyəndən sonra vəzirin qızı padşahın qızına dedi:

– İndi mən elə elərəm ki, sən onu görərsən. – Axır ki, vəzirin qızı oğlanı padşahın qızına göstərdi. Qız oğlanı görən kimi ona aşiq oldu.

Padşahın qızı dedi:

– Bacım, birtəhər elə, sənin atan gəlsin mənim atamın yanına. Bilirəm atam razı olacaq, ancaq anam razı olmayacaq.

İndi sizə kimdən deyim? Vəzirdən. Vəzir gəldi padşahdan qızı istədi. Bir xeyli söz-söhbətdən sonra padşah razılıq verdi. İş gəldi padşahın anasına. Padşahın anası dedi:

– Yox, mən bəni-adəmə qız vermərəm.

Gəl indi sizə deyim padşahın oğlundan. Padşahın oğlu bağı gəzməyə çıxmışdı. Bağda gəzən vaxtı öldürülən divin qardaşı neçə vaxtıydı ki, onu axtarırdı. Odur ki, onu götürdü caynağına, qaldırdı göyə, haray-haray düşdü. Hurilər də düşdülər divin dalısınca. Div gördü ki, onu tutacaqlar. Yaxında bir quyu vardı. Oğlanı saldı quyuya. Bəli, hurilər divi öldürdülər. Başladılar oğlanı axtarmağa. Gəlib çıxdılar həmin quyunun yanına. Burada zarıltı eşidildi. Oğlanı quyudan çıxardıb apardılar hurilər padşahının vəzirinin evinə, vəzir yenə də gəldi padşahın yanına, dedi:

– Qibleyi-aləm, insaf deyil, bu oğlan sənin qızından ötəri bu qədər əzab-əziyyət çəksin. Gəl rəhm elə, qızı ver ona.

Bunlar qalsın burada qızın anasını razı salmağa. Gəl sizə kimdən deyim padşahın oğlundan. Bir gün oğlan ox-yay götürüb, ata minib bir neçə adamla çıxdı ova. Girdi bir meşəyə. Burada gördü ki, bir adam var. Bunu tamam saqqal basıb. Çox diqqətlə baxıb gördü ki, atasının vəzirinin oğludu. Padşahın oğlu yanındakı adamlara dedi.

– Aparın bunu vəzirin qızının yanına deyin ki, göndərsin bunu hamama, paltarını dəyişsin. Mən də indi gəlirəm.

Bunlar bunu gətirdilər vəzirin qızının yanına. Padşah oğlunun dediyini də dedilər. Ancaq vəzir qızı deyilənləri tərs başa düşdü. Oğlanı saldı zindana. Başladı padşahın oğlunu gözləməyə.

Oğlan gəlib qızdan soruşdu ki:

– Mən bura bir oğlan göndərmişəm, o hanı?

Vəzirin qızı dedi:

– Bəli, sən deyən kimi elədim. Salmışam zindana.

Padşahın oğlu gördü ki, qız tərsinə eləyib, odur ki, getdi oğlanı zindandan çıxartdı.

Vəzirin qızına dedi:

– Biz gedirik hamama, gələnə kimi çay-çörək hazırla.

Bunu deyib getdilər. Vəzirin qızı da nə lazım idi elədi.

Bəli, padşahın oğluynan vəzirin oğlu gəldilər evə. Amma vəzirin oğlu məəttəl qalmışdı ki, görəsən bu kimdi ki, mənə bu qədər hörmət eləyir. Amma padşahın oğlu özünü ona hələ nişan vermədi. Padşahın oğlu vəzirin oğluynan bir qədər söhbət eləyib ona dedi:

– Qardaş, sən necə olub bura düşmüsən? Kimsən? Başıva gələni bizə danış.

Vəzirin oğlu başına gələni başladı danışmağa. Bu vaxt padşahın oğlu vəzirin qızını da çağırdı. Vəzirin oğlu bütün əhvalatı başdan-başa başladı danışmağa. Padşahın oğlu ilə vəzirin qızı da qulaq asırdı. Qız gördü ki, bu oğlan elə padşahın oğluna oxşayır.

Bu söhbəti qurtarandan sonra padşahın oğlu özünü tanış verdi.

Şadlıq təbili vuruldu. Padşahın oğlu da başına gələni vəzirin oğluna danışdı. Vəzirin qızı aşiq oldu bu oğlana. Padşahın oğlu vəziri çağırıb dedi:

– Vəzir, bu mənim qardaşımdı. Xahiş edirəm qızını verəsən ona.

Bəli, vəzir razı oldu. Qırx gün, qırx gecə toy elədilər. Bu toya padşahın da qızı gəldi.

Vəzirin qızı padşahın qızına dedi:

– Bacı, gəl sən razılıq ver, get bu oğlana, görürsən ki, nə qədər əzab-əziyyət çəkib.

Bəli, bunlar qızın anasını da razı salıb qızı verdilər padşahın oğluna. Qırx gün, qırx gecə toy elədilər. Oğlan bir neçə vaxt burda qaldı. Vəzirin oğluynan bu oğlan fikirləşdilər ki, getsinlər atalarının vilayətinə, görsünlər ataları necədi. Hurilər padşahı ilə vəzir razılıq verdilər. Qoşun-ləşkər qoşub bu iki oğlanı arvadları ilə yola saldılar.

Padşahla vəzirin ağlamaqdan gözləri kor olmuşdu. Bütün şəhərdə adamlar qara geyinmişdilər. Bu iki oğlan hurilər padşahının qoşunuynan gəlib çıxdılar atalarının şəhərinə. Şəhərin kənarında bir çobana rast gəldilər.

Padşahın oğlu çobana dedi:

– Çoban, get padşaha de ki, oğlanların gəlir.

Əvvəl çoban inanmadı, sonra inanıb getdi. Bəli, padşah bu xəbəri eşidən kimi bütün şəhəri xalça-xalı ilə bəzədi. Çıxdılar oğlanlarının, gəlinlərinin qabağına.

Hurilər padşahının qızı gördü ki, bəs padşahla vəzirin gözləri kordu. Cibindən bir şüşə çıxardıb içindəki dərmandan sürtdü onların gözünə, onların gözləri açıldı. Padşah, vəzir oğlanlarını görüb tanıdılar.

Padşah öz oğlu ilə vəzirin oğluna və gəlinlərinə qırx gün, qırx gecə toy elədi. Onlar yedi, içdi, yerə keçdilər. Siz də yeyin, için, kama çatın. Göydən üç alma düşdü. Biri mənim, biri özümün, biri də nağıl danışanın.