Padişahi-mülk
Padşahi-mülk Müəllif: Məhəmməd Füzuli |
Padişahi-mülk, dinarü-dirhəm rüşvət verib,
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.
Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,
Ol dəxi asari-əmnü istiqamətdən bəri.
Göstərən saətdə dövrani-fələk bir inqilab,
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri
Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən
Eyləmiş iqbalimi asari-nüsrət məzhəri.
Hər sözüm bir pəhlivandır kim, bulub təyidi-həq,
Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri.
Qanda kim, əzm etsə, mərsumü-məvacib istəməz,
Qansı mülkü tutsa, dəgməz kimsəyə şurü-şəri.
Payimal etməz onu asibi-dövri-ruzigar,
Eyləməz təsir ona dövrani-çərxi-çənbəri.
Qılmasın dünyadə sultanlar mənə təklifi-cud,
Bəs dürür başımda tövfiqi-qənaət əfsəri.
Hər cəhətdən fariğəm, aləmdə haşa kim, ola
Rizq üçün əhli-bəqa, əhli-fənanın çakəri.