Pişik
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Dad! Siçanın əlindən
Yetişmişik cana, pişik!
Dünyanı bizdən ötəri
Döndərib zindana, pişik!
Dağıdıb kəndliləri,
Dadanıb yaxtana, pişik!
Doğrayıb zər libası,
Eləyib əfsana, pişik!
Alagöz gəlinləri
Qoyub yana-yana, pişik!

Birisi boz dikqulaq,
Birisi qonur, balaca;
Dərmə-qayıq farmaşın
Hər yanından açıb baca;
Bez ilə irəftardı,
Qumaş ilə düşüb ləcə;
Harda görsə zər, ziba,
Istifa, tirmə, alaca;
Biləsən, nə hal kəsir
Döşəyə, yorğana, pişik!

Nə qədər əlləşirəm,
Bu məluna yoxdu çara;
Gündüzlər pünhan olur,
Gecələr çıxır aşkara;
Çırağı yandıranda,
Qaçır, soxulur divara;
Dağıdıb quyuları,
Indi daraşıb anbara;
Müxtəsər, ruzumuzu
Döndəribdi qana, pişik!

O gödək zalimü fasiq
Belə bir azar elədi;
Aləmə gen dünyanı
Bizdən ötrü dar elədi;
Hamı dərddən ziyada
Bu dərd mana kar elədi:
Dəldi yağ dərilərin,
Xumları murdar elədi;
Axşamadək evlərdə
Qurulur zasdana, pişik!

Bu sözləri eşidəndə,
Pişik bir tufan elədi;
Şeşəltdi bığlarını,
Gözləri rövşan elədi;
Ay qaranlıq gecədə
Yüz dəfə cövlan elədi;
Qisasa qisas aldı,
Bir qana yüz qan elədi;
Gördüm, on səkkizini
Düzübdü yan-yana pişik.

Yatmadım sübhə kimi,
Mən baxdım qilü-qalına;
Öyrənib xəsyətini,
Bələd olmuşam halına,
Ədəb ilə əyləşibsən,
Səd afərin kamalına.
Aləmin padişahı
Dəstini çəkib dalına;
Qaynağın poladlanıb,
Dönübsən aslana, pişik!

Mən səni iyid bildim,
Verdim aran-dağı sana;
Alaçığı, ağ çadırı
Eyvanı, otağı sana.
Müxtəsəri, vəssalam,
Budu sözün sağı sana:
Gözəllər əsirgəməsin
Pendiri, qaymağı sana;
Yeyəsən nəmilərdə,
Dönəsən sultana, pişik!

Xanım xələt bağışladı,
Ələsgər yazdı dəftərə;
Göndərərəm tüllablara,
Məlum olsun hər şəhərə;
Iyiddi, ölməyincə
Arxasını qoymaz yerə.
Pristav qubernata,
Qubernat yazsın sərdərə;
İnşallah, nişan verər
Sana divanxana, pişik!