Pinəçi Muradla şah

Pinəçi Muradla şah
Müəllif: Şifahi xalq ədəbiyyatı

Biri varmış, biri yoxmuş, bir ədalətsiz padşah, bir də Murad adlı bir pinəçi varmış. Padşah keflə-damaqla, Murad da pinəçiliklə gün keçirirmiş. Günlərin bir günü padşah xalqın onun ədalətsizliyi barədə nə danışdığını bilmək fıkrinə düşdü. О vəziri ilə məsləhətləşib paltarını dəyişdi, əyninə köhnə libas geyib, çiyninə bir xurcun saldı. Əlinə də bir ağac alıb saraydan çıxdı. Şəhəri gəzib dolandı, axşam qaş qaralanda gəlib paytaxtın uzaq bir məhəlləsinə çatdı. Bir həyətin yanından keçəndə evdən gülmək səsi eşidib dayandı, fikirləşdi:

- Kim ola bilər ki, mənim dövrümdə ucadan gülsün? Qapını döydü.

Həyətdən bir səs gəldi:

- Kimdi?

Padşah cavab verdi:

- Qərib bir qonağam, şəhərə təzə gəlmişəm, yatmağa yerim yoxdur, bir gecəliyə məni qonaq saxlayın.

Ev yiyəsi dedi:

- Mənim qapım da, kasıb süfrəm də həmişə qonaq üzünə açıqdır. Bir qonağım var, qoy olsun iki.

Ev yiyəsi qapını açdı, qonağı hörmətlə qəbul etdi, otağına aparıb dedi:

- Qonaq qardaş, yoldan gəlmisən, əl-üzünü yu, yorğıunluğun çıxsın.

Padşah əl-üzünü yudu. Ev yiyəsinin arvadı süfrə salıb çörək gətirdi. Onlar yeyib içdilər, şirin-şirin söhbət edib gecəni yarıya yetirdilər. Yer salıb yatmaq istəyəndə padşah dedi:

- Bir söz soruşmaq istəyirəm.

Ev yiyəsi dedi:

- İkisini soruş.

Padşah dedi:

- Sənin günün-güzaranın mənim çox xoşuma gəldi. Bilmək istəyirəm ki, sən nə işin sahibisən, nə yolla çörək qazanıb, gün keçirirsən?

Ev yiyəsi dedi:

- Nə işin sahibi olacağam, pinəçiyəm, adım da Muraddır. Səhərdən axşama kimi bir iynə, bir də bir bizlə çörək qazanıram, Gündəlik qazancımla bir-iki qonaq çağırıb, bu daxmada gün keçirirəm.

Padşah bir söz deməyib fıkrə getdi. Gecə belə gəlib keçdi. Padşah səhər çörəyini yedi, gün çıxanda Murad padşahı yola salıb dedi:

- Qonaq qardaş, bu ev sənin öz evindi, utanma, axşam yenə bizə gəl, gözüm üstə yerin var.

Padşah razılıq edib Muraddan ayrıldı. Elə о gün şəhərdə car çəkib xəbər verdilər:

- Ey camaat, bilin, padşahın hökmündən xəbərdar olun! Bu gündən sonra padşah icazə vermir ki, kimsə küçədə oturub pinəçilik eləsin. Hər kəs bu əmrə itaət eləməsə, padşahın qəzəbinə düçar olacaq!

Axşam gün batan kimi padşah yenə də paltarını dəyişib, çomağını götürdü, saraydan çıxıb birbaş pinəçinin evinə tərəf yönəldi. О qapıya çatar-çatmaz tar-qaval səsi eşitdi. Bu səs Muradın evindən gəlirdi. Padşah təəccüb eləyib qapını tıqqıldatdı.

Murad qapını açıb, padşaha dedi:

- Qərib qonaq, xoş gəlmisən, özü də lap vaxtında gəlmisən.

Padşah içəri daxil olub gördü ki, içəridə başqa qonaqlar da var. Süfrə açılıb, üstünə hər cür yemək düzülüb. Qonaqların başı yeməyə qarışmışdı. Padşah Muraddan soruşdu:

- Görünür, bu gün pinəçilikdən çox qazanmısan?

Pinoçi Murad dedi:

- Xeyr, padşah mənim halal sənətımi qadağan elədi.

Padşah dedi:

- Bəs bu qonaqlığın xərci haradandır?

Pinəçi Murad dedi:

- Qonaq qardaş, elə ki, car çəkib, padşahın əmrini xəbər verdilər, mən özümü itirmədim, hökmün ağırlığı məni qorxutmadı. Bir süpürgə götürüb evlərin, dükanların qabağını süpürdüm. Azdan-az, çoxdan-çox nə verdilərsə, qane olub aldım. Zəhmətim artdısa da, qazancım da az olmadı. “Nə qədər ki, sağam, qoy süfrəmin də başında oturanların sayı çox olsun,” deyib qonşularımı da qonaq çağırdım.

Padşah fıkrə gedib barmağını dişlədi. Gecəni orada qaldı, səhər Muraddan ayrılıb sarayına yola düşdü. О gün də şəhərə car çəkib xəbər verdilər:

- Ey camaat, bilin və agah olım, padşahm hökmündən xəbərdar olun. Bu gündən sonra şəhərdə süpürgəçilik etmək qadağan olunur.

Axşam oldu, qaranlıq düşən kimi padşah yenə Muradın yanına yollandı. Bn defə tar-qaval səsi lap uzaqdan eşidilirdi. О təəccüblə qapıya yaxmlaşıb döydü. Pinəçi Murad gülər üzlə qapmı açıb dedi:

- Xoş gəlmisən, qonaq qardaş, buyur içəri.

Padşah otağa daxil olub gördü ki, süfrə döşənib, xörəklər düzülüb, sazəndə çalır, xanəndə oxuyur. Qonaqların başı kefə qarışdığı zaman padşah soruşdu:

- Görünür, bu gün süpürgəçilikdən gələn qazancın çox olub?

Pinəçi Murad dedi:

- Elə bil ki, padşah mənimlə düşmənçilik eləyir. Hansı işə əl atıram, onu qadağan eləyir. Mənim zəhmətlə açdığım süfrəni bağlamaq istəyir. Daha bilmir ki, zəhmətlə çörək yeyən adam, padşahın zülmündən qorxmaz. Bu gün car səsini eşidən kimi bir dəst məmur paltarı geyindim. Şəhərin ətraf kəndlərini gəzib, qanun-qaydaya riayət etməyənləri cərimə elədim. Qazancım hər günkündən çox oldu. Doğrudur, bu özü də qanunsuz işdir Amma padşah məni məcbur edir ki, belə şeylərə əl atım

Muradın qonaqları çalıb-çağırırdılar, oxuyub-oynayırdılar. Gecə yarıdan keçdi. Hər kəs evinə, padşah da dərin fıkrə getdi. "Mən bir pinəçi ilə bacara bilməyəcəyəm?" - deyə o, öz-özünü məzəmmət elədi. Səhər açılan kimi Murad qonağını yola salıb, məmur paltarını geyinib şəhərə getdi. О gün car çəkilmədi. Padşah vəzirləri ilə məsləhətləşib öz adamlarından iki nəfəri tacir paltarında Muradın dolandığı küçələrə göndərdi. Məmurlar Muradı uzaqdan görüb tanıdılar, öz aralar ın da mübahisə etməyə başladılar. Murad onlara yaxınlaşıb ucadan qışqırdı:

- Nə var, nə olub? Siz bilmirsiniz ki, səs salıb xalqın istirahətini pozmaq olmaz?

- Bu adam mənim pulumu alıb, vermir - deyə tacirlərdən biri cavab verdi.

Biri də dedi:

- Yalan deyir, о özü mənə borcludur, pulumu danır.

Murad dedi:

- Belə ki, görürəm, siz hər ikiniz davakar adamlarsinız. Ona görə də sizin ikinizi də dövlət ad ın dan cərimə edirəm. Bir də bundan sonra bir-birinizin üstünə şər atıb-eləməyəsiniz. Ya cəriməni verin, ya da hər birinizi üç gün həbs etdirəcəyəm.

Tacirlər pul tapıb vermək bəhanəsi ilə Muradı gətirib şəhərin ortasına çıxartdılar. Burada paltarlarını çıxarıb, padşah qulluqçusu olduqlarını bildirdilər. Muradı tutub saraya gətirib dedilər:

- Padşah sağ olsun, bu kişi sizin adınızdan istifadə edib adamları cərimələyir.

Padşah Murada baxıb dedi:

- Sənin təqsirin böyükdür. Ancaq şəhərin asayişinə xidmət elədiyin üçün günahından keçirəm. Bu gündən sonra səni özümə saray məmuru təyin eləyirəm.

Sonra üzünü vəzirə tutub dedi:

- Əmr ver, buna bir dəst yaxşı libas versinlər. Belinə gümüş kəmər, naxışlı qılınc bağlasınlar. Özünə də mənim taxtımın yanında yer ver, qoy gözümdən uzağa getməsin. Bundan sonra mənim əmrlərimi bu icra edəcək.

Murad padşahın bu "mərhəmətinin" mənasını başa düşmədi. Onu geyindirdilər, belinə bəzəkli, naxışlı qılınc bağladılar. Axşam gün batanadək sarayda saxlayıb, padşahın gözünün qabağında dayandırdılar. Qaranlıq düşəndə padşah Murada dedi:

- İndi get, sabah səhər tezdən gəlib əmrimə müntəzir olarsan...

Murad "Baş üstə," deyib saraydan çıxdı, evinə tərəf yollandı. Murad gedəndən sonra padşah paltarını dəyişib sarayı tərk elədi. Muradın evinə çatdı.Qonaqların biri gəlib, biri gedirdi. Çalan-çağıran, о yanların səsindən qulaq tutulurdu. Murad qapıda durub qonaqları О gəlib qəbul eləyirdi, arvadı da xörək hazırlayırdı.Murad əli çomaqlı qonağını görüb tanıdı:

- Gəl, gəl. Sənin gəldiyin gündən mənimki düz gətirmir. Hər gün əmr verir, sənətimi qadağan elətdirir. Ancaq o, öz əmrləri ilə mənim açıq süfrəmi bağlaya bilməyəcək. О padşahdırsa, mən də pinəçi Muradam, - deyib onu evin yuxarı başına apardı.

Qonaqlar yeyib-içdikcə padşahın ürəyi döyünürdü. O, Muradın bu günkü qonaqlığın xərcini haradan tapdığını bilmək istəyirdi.

Söhbət arasında macal tapıb Muraddan soruşdu:

- Görünür, bu gün çox adamı cərimə etmisən.

Pinəçi Murad dedi:

- Xeyr, heç bir nəfəri də cərimə eləmədim.

Padşah dedi:

- Bəs bu xərci haradan aldın?

Pinəçi Murad dedi:

- Padşahın hesabınadır.

Padşah dedi:

- Açıq danış, məni başa sal.

Pinəçi Murad dedi:

- Bu gün padşahın adamları məni tutublar. Geyindirib sarayda saxladılar. Padşah məni axşama kimi buraxmadı. Qaranlıq düşəndən sonra evimə getməyə icazə verdi. Mən də pulsuz evə gəlsəydim, süfrəm bağlı qalacaqdı. Odur ki, fıkirləşib çarə tapdım.Padşahın verdiyi qılıncın tiyəsini girov qoyub pul götürdüm.Qonaqlıq üçün nə lazımdırsa alıb evə gəldim.Süfrəni bəzəyib qonaqları dəvət elədim. Çalğıçıları da çağırdım ki, məclisim şən keçsin.

Padşah dedi:

- Bəs tiyəsiz qılıncla padşahın yanına necə gedəcəksən?

Pinəçi Murad dedi:

- Əvəzinə taxta tiyə düzəltdirib salmışam.

О gecə padşahın gözünə yuxu getmədi. Sabah Murada necə divan tutacağını düşünürdü. О düşünürdü ki, sabah Murad onun suallarına necə cavab verəcək, vəziyyətdən necə çıxacaq?

Səhər açılan kimi qonaq öz yolu, Murad da öz yolu ilə saraya getdilər. Murad gəlib saraya çatanda bir neçə zəncirli dustağın həyətdə saxlanıldığını gördü.

- Bu gün padşah qatillərə divan tutduracaq, - deyə Muradı xəbərdar etdilər.

Padşahın taxtı eyvanda quruldu, qırmızı paltar geymiş padşah gəlib oturdu, acıqlı nəzərlə vəzirə baxıb dedi:

- Qatillər hazırdırmı? Vəzir dedi:

- Bəli, qibleyi-aləm. Padşah dedi:

- Mənim saray məmurum buradadırmı? Murad о saat:

- Mən əmrə müntəzirəm, - deyib irəli gəldi.

Padşah Murada dedi:

- Bu saat qabaqda dayanmış dustağın boynunu vur.

Murad padşahın əmrini eşidən kimi düşündü, özünü itirmədi, tez dustağın yanına gəlib, əlini qılıncın dəstəsinə atıb dedi:

- Ey dustaq, sənin günahın varmı, qatilsənmi, ya yox, bu mənə məlum deyil. Padşah əmr eləyir, mən də onun əmrinə tabe olub, sənin boynunu vururam. Əgər doğrudan da qatilsənsə, qoy mənim qılıncım ülgücdən də iti olub, sənin başını bədənindən ayırsın. Yox, əgər günahın yoxdursa, mənim qılıncım dönüb parça-parça olsun.

Bunu deyib, qılıncı çəkdi, dustağın boynunu vuranda taxta qılınc bölünüb iki parça oldu. О üzünü padşaha tutub dedi:

- Ey padşah, bu adam qatil deyilmiş. О müqəssir olsaydı, mənim qılıncım taxtaya dönməzdi.

Padşah Muradın bu hazırcavablığına, ağlına, tədbirinə etiraz eləməyə söz tapmayıb dedi:

- Get, mən səninlə bacara bilmədim, yaşa, dövran sür.

Murad da evinə gəldi, pinəçiliklə məşğul oldu, ömür sürüb dövran keçirməyə başladı.

Göydən üç alma düşdü, biri nağıl deyənin, biri qulaq asanın, biri də mənim.