Portal:Zeynəb Gölü

Belə danışırlar ki, Əlincə qalasından bir qədər aralıda indi xarabalıqları qalan Məzrə kəndindən Altun adlı bir oğlanla Berdi kəndindən Zeynəb adlı bir qızın toyları imiş. Qəflətən Teymurləng güclü qoşunla Məzrəyə hücum edib, camaatı qılıncdan keçirir. Bunu görən Altunla Zeynəb əyinlərinə polad don geyir, qılınc-qalxan götürüb iki yüz nəfərlik bir dəstəylə Teymurləngin qoşununa qarşı vuruşurlar. Teymurləngin qoşunu sayca çox üstün olduğundan Altunla Zeynəb öz dəstələrini də götürüb gizli yolla Əlincə qalasına çəkilirlər.

Teymurləng uzun müddət Əlincə qalasını mühasirədə saxlayır. Qalanı ala bilməyəcəyini başa düşən Teymurləng and içir ki, qalanı ala bilməsə də, qaladakı döyüşçüləri acından qırmayınca çəkilib getməyəcək. Teymurləngin niyyətindən xəbər tutan müdafiəçilər Altunun göstərişiylə qaladakı əhəngdaşını un halına salıb, qalanın sağ tərəfindəki sıldırım qayadan aşağı tökürlər.

İşi belə görən Teymurləng pərt olur. Sərkərdələrinə deyir ki, bunların çörək ehtiyatı çoxdur. İnnən belə yüz il də saxlasaq, yenə təslim olmayacaqlar. Teymurləng kor-peşman qaladan çəkilib gedir. Rəvayətə görə, həmin vaxtdan qaladan aşağı tökülən əhəngdaşının izi hələ də qalanın daşları üzərində qalmaqdadır.

Belə deyirlər ki, Teymurləng Əlincə qalasından çəkilib gedəndən sonra Altun, qalanın müdafiəsini kiçik bir dəstəyə tapşırıb, Zeynəbi də öz kəndləri Berdiyə göndərir. Özü başının dəstəsilə Azərbaycanın hansı qalasınasa köməyə gedir.

Altunun Əlincə qalasından getmək xəbərini alan Teymurləng qayıdıb yenidən qalanı mühasirəyə alır. Nə qədər çalışırsa qalanı ələ keçirə bilmir. Necə olursa, Teymurləng Zeynəbin Berdi kəndində olduğunu öyrənir. Fürsəti əldən verməyib Berdi kəndinə hücum çəkir. Berdini dağıdır, viran qoyur. Düşmənə qarşı kişi kimi vuruşan Zeynəb özünü yaxındakı gölün kənarına çatdırır. Ağır bir daşı özünə bağlayıb, gölə atılır. Teymurləng boğulub ölən bu mərd qızın hünərinə, cəsarətinə heyran qalır. Zeynəbi diri tuta bilməməyinə heyifsilənir.

El içərisində indi də həmin gölə “ Zeynəb Gölü” deyirlər.


Digər Mənbələr

Şifahi xalq ədəbiyyatı