Pula təvəccöh ("Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan")

Pula təvəccöh ("Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan")
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 251. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?
İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?
Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?
Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?
Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?
Keçdi ömrüm şüğli-təhsilinlə mövqufi-məlal,
Dərdə düşdüm, bəstəri-həsrətdə qaldım xəstəhal,
Səndədir könlüm yenə etsəm cəhandan irtihal,
Sən mənim ömrüm, həyatım, cövhərim, canımmısan?
Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?
Ah, zalım, ah kim, oldum yolunda canfəda,
Bir doyunca qıymadım səndən alam zövqü səfa,
İndi varislər hücumavər olub yeksər sana,
Varisin, yaxud mənim mali-cibişdanımmısan?
Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?
Eyləməz varislərim mək tən səni sənduqə dərc,
Hər biri eylər səni bir növ ilə min yerdə xərc,
Restoranlarda, klublarda olarsan hərcü mərc,
Hər yetən çeynər səni, bilməm ətim, qanımmısan?
Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?
Sevdiyim, bundan belə hini-zəvalındır sənin,
İşbu vəch ilə könül cayi-məlalındır sənin,
Xatirim, qəlbim, sərim vəqfi-xəyalındır sənin,
Sən məni məftun edən nazəndə cananımmısan?
Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?
Səndən əl çəkməzdim olsaydı əlimdə iqtidar,
Lakin icbarən əcəl eylər məni səndən kənar,
Canım ağzımdan çıxınca söylərəm biixtiyar:
Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?
Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?