Puloma haqqında hekayət

Nağıllar. Puloma haqqında hekayət
Müəllif: Şifahi xalq ədəbiyyatı


Brahmanın oğlu müdrik Bhriqu meşədəki xəlvət iqamətgahda qəşəng arvadıyla yaşayırdı və arvadını bütün varlığıyla sevirdi. Vaxtilə qızın atası, asur Pulomana isə qızının “hə”sini vermişdi, amma Bhriqu onu qaçırtdı və nişanlısı gəlib çıxana kimi onunla evləndi. Günlərin bir günü, Bhriqa dəstəmaz almaq üçün iqamətgahdan çıxıb çay sahilinə gəldi və hamilə arvadını evdə tək qoydu. İş elə gətirdi ki, Puloman meşədə gəzib dolaşarkən onların komasına rast gəldi, komaya girdi və Bhriqunun arvadını gördü. Pulomanın qızı görməsi ilə ona vurulması bir oldu, gözəl Puloma isə qonağa xoş üz göstərdi, əlindən gələn hörməti elədi. Puloman ocaqda dilimlənən alovdan soruşdu:

– Ey Aqni, sən həmişə həqiqətpərəst olmusan, bu qız “hə”si mənə verilən qız deyilmi? Hiyləgər Bhriqu onu mənim əlimdən aldı, əgər sən desən ki, həmin qızdı, nişanlımı özümlə aparacağam.

Aqni qəmli-qəmli dedi:

– Mən yalan danışa bilmirəm, amma mən ulu müdrikin qəzəbindən də qorxuram.

Məhəbbətdən ağlını itirmiş Puloman qabana çevrildi, gözəl Pulomanı götürüb iqamətgahdan qaçdı. Onlar meşə boyu qaçarkən qadın uşaq saldı. Uşaq günəş kimi par-par parıldayırdı, iblis onu görəndə Pulomanı əlindən saldı, özüsə külə döndü. Yazıq Puloma uşağı qucağına götürüb, acı göz yaşları tökətökə meşəylə yola düzəldi. Onun göz yaşlarından Vadhusara adlı çay əmələ gəldi və həmin çay indinin özündə də ordan axır. Bhriqu arvadını və oğlunu meşədə tapdı, onları saraya gətirdi. O, başına gələnləri ərinə danışdı. Bunları eşidən Bhriqu qəzəblə soruşdu:

– Sənin Puloma olduğunu asura kim dedi?

Puloma cavab verdi:

– Məni Aqni ələ verdi.

Bhriqu Aqniyə, od tanrısına lənətlər yağdırdı:

– Bu gündən sənin bəxtinə hər şeyi məhv etmək düşür!

Bhriqu oğluna Çyavana, yəni Salınan adını qoydu. Bhriqunun oğlu Çyavana böyüyüb ulu müdrik və zahid oldu, zahidliyinin gücüylə üç dünyada böyük qüdrət sahibinə çevrildi.