Qürbət
Müəllif: Mirzə Əli Möcüz
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Kim, görəsən, qürbəti icad edib?
Hər kəs edib, mən kimi bimar ola!
Tərki-diyar eyləməyin baisi
Olsa gərək zülmi-tələbkar ola.
Qalsa vətəndə gedəcək izzəti,
Həm Tükəzin çadrəvü çərqəti,
Canuvi incitmə, oğul, övrəti
Boşla, vəlov ki, məməsi nar ola.
Təzkirə on dörd tümənə maldır,
Qol pulu ondan da qınşmaldır,
Yolçu nə eşşək və nə hambaldır,
Ta bu qədər zülmə xiridar ola.
Sən də bilirsən ki, o, tacir deyil,
Bunca pulu verməyə qadir deyil,
Boşla yaxasın, bura bir yer deyil,
Qoy gedə İstanbula, tüccar ola.
Göndərə həq hər gün əger rehmətin,
Etmez ucuz təzkirənin qiymətin,
Eyləyin agah rəsul ümmətin,
Cibdə gərək dirhəmü dinar ola.
Xərci var həştad tümən getmağın,
Ya evi qoy beh, ya da ki, sat bağın,
Qorxuram axır yıxıla mitbağın,
Perdiləri azimi-bazar ola.
Türk mənə verdisə, dörd yüz lirə,
Qüssə və qəmdən tutular xirxirə,
Ya zəhər iç, ya sal özün təndirə,
Qoyma, qərəz, hövsələ çox dar ola.
Qarət əger eyləyələr xeyməni,
Hərmələvü Xuli və Şimri-dəni,
Qüssə boğar yoxsulu, biçarəni,
Əllərin, ey mərsiyəxan, var ola!
Sinniz əgər baliğ olub əlliyə,
Qəddərəni bərk vurun kəlləyə,
Bəlkə sizi axirətə yolluya,
Xəlq geyə qarə, əzadar ola.
Bəs ki, içər şireyi-engurdən,
Şairin olmaz xəbəri surdən,
Məst çıxar daireyi-gurden,
Kaş hamı Möcüz kimi dindar ola!