Qürbətdə xan olunca...

Qürbətdə xan olunca...
Müəllif: Ənvər Çingizoğlu
"Təzadlar" qəzeti

 
Yük əyilməsə, daş qürbətə düşməz. Bu yazımızda qürbətdə yaşayan soydaşlarımızdan, bir nəslin taleyindən söhbət açacağıq. Qarabağ xanlığının mərkəzində, Şuşa şəhərində adını tarixə yazdırmış bir soy yaşayırdı. Bu soy Behbudalılar adlanırdı. Soyun patronu Behbudəli ağa İbrahimxəlil ağa oğlu Cavanşir XVIII yüzilin önlərində Sarıcalı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Babaları kimi hərbçi olmuşdu. Qardaşı Pənahəli bəylə bərabər Qarabağ xanlığının qurucularından biri idi. Qarabağ qoşununa sərkərdəlik etmişdi.
Behbudəli ağa Qızxanım xanımla ailə qurmuşdu. Əbdüssəməd bəy, Mirzalı bəy, Qasım bəy adlı oğlanları vardı.
Behbudəli ağanın övladları da xanlığın görən gözləri, vuran əlləri idilər. Böyük oğlu Əbdüssəməd bəy Ağaməhəmməd şah Qovanlı-Qacarın zavalına gəldi. İkinci oğlu Mirzalı bəy gah Abbas mirzənin tərəfini tuturdu, gah İbrahimxəlil xanın. İki arada bir dərədə qalıb, fələyin badına getdi. üçüncü oğlu Behbudəli ağanın üçüncü oğlu Qasım bəy 1755-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. öncə xanlığın qoşununda, sonra rus ordusunda xidmət etmişdi. Ştabs-kapitan rütbəsi vardı.
Raffi “Xəmsə” adlı kitabında yazır: “Ermənilərlə məskun, bir neçə yüz evdən ibarət olan Tex kəndi (Dığ-Ə. ç.) erməni məliyi Qriqora mənsub idi. Şuşaya qala tikintisi üçün bu kənddən bir sadə erməni kəndlisi götürülmüşdü. Onu o qədər işləməyə məcbur etdilər ki, nəhayət dinini dəyişib müsəlman oldu və Qasım adlanmağa başladı. Bu Qasımın oğlu Rüstəm bəy Mehdi xanın yanında sandıqdarağası işləməyə başladı. Onun oğlu Əsəd bəy isə Mehdi xandan Dığ kəndini bəxşiş aldı. Danışırlar ki, Mehdi xanın qardaşıoğlu Cəfərqulu xan görəndə ki, Qarabağın kəndlərini belə əliaçıqlıqla paylayırlar, o da 12 kənddən ibarət bir siyahı tutdu. Onun əmisi ilə arası olmadığından siyahını qeyd olunan sandıqdarağası Rüstəm bəyə verib xahiş etdi ki, həmin kəndləri onun ayağına yazsın. Rüstəm bəy bu 12 kəndi xanın möhrü ilə Cəfərqulu xana verdi. Sonuncu bir neçə gündən sonra peşiman oldu ki, niyə Şuşanın yaxınlığındakı erməni kəndi Xanəzəyi həmin siyahıya əlavə etməyib. Bu kənd ona yaylaq kimi əlverişli ola bilərdi. O, yenidən Rüstəm bəyə müraciət etdi. Sandiqdarağası İran adətinə görə, bağışlananlara Xanəzək kəndini də əlavə edib təsdiq üçün xana verir. Mehdi xan isə zəhləsi getdiyi qardaşıoğluna bu kəndi verə bilməzdi. Siyahı yazılmış vərəqi cırıb kənara tulladı”. Ermənilər torpağımıza, musiqimizə, mədəniyyətimizə, mətbəximizə göz tikdikləri azmış kimi, adlı-sanlı nəsillərimizə, görkəmli sərkərdələrimizə də yiyələnməyə, erməniləşdirməyə çalışıblar. Bu da böyük erməni yazıçısı Raffinin ağ yalanı!
 


 
İbrahimxəlil xan Sarıcalı-Cavanşir 1806-cı ildə böyük oğlu Məhəmmədhəsən ağadan incik düşəndə, digər oğlu Əbülfət xana sifariş göndərib, Qarabağa dəvət etdi. Fətəli şah xanın sifarişindən hədsiz sevincək olub, qiymətli ərməğanlarla Əbülfət xanı Qarabağa yola saldı. Dayaq və dəstək üçün beş min də qoşun verdi. Əbülfət xan Qarabağın sınırına çatıb, şahın istəyini atasına yazdı. Fətəli şah Əbülfət xana göstəriş vermişdi ki, Məhəmmədhəsən ağanı Tehrana göndərib, özü Qarabağda atasının qulluğunda qalsın. Məktubun məzmunundan xəbərdar olan xanzadələr (Məhəmmədhəsən ağa, Mehdiqulu ağa və Xanlar ağa) atalarını məcbur etdilər ki, Əbülfət xanı geri göndərsin. İbrahimxəlil xan Əbülfət xana yazıb bildirdi ki, gəldiyi kimi geri dönsün.
Əbülfət xan məktubun qırımından bilir ki, işin içində qardaşlarının barmağı var. Ona görə də geri dönməyib, Qapan, Güney, çulundur və Bərgüşad mahallarını tutdu. Atasının mahallara təyin etdiyi naibləri, kədxudaları, kovxaları, darğaları və yüzbaşıları çıxarıb, iş başına öz adamlarını qoydu. Bərgüşad çayının yaxasında düşərgə qurub, əyləşdi. Dizaq, Xırdapara-Dizaq və Cavanşir-Dizaq mahallarının naiblərinə, el-oba başçılarına məktub yazıb yanına çağırdı. çox keçmədi ki, el böyükləri başlarının dəstələriylə Əbülfət xanın yanına gəldilər. Qasım bəy Əbülfət xana etina etmədi. Tarixçi Mir Mehdi Xəzani yazır: “Qasım bəy, Rüstəm bəyin atası ki, bir sahibi-tədbir, rəşid və kardan adam idi, Diğ və Gorunzur kəndlərində olurdu. Əbülfət xana itaət etməmişdi”. (Qarabağnamələr, 2-ci kitab, Bakı, “Yazıçı”, 1991, səh. 163).
Qasım bəy 1810-cu ildə kapitan rütbəsində idi.
Qasım bəyin törəmələrindən bəziləri Qasımbəyov soyadını daşıyırlar.
Qasım bəyin Fəzləli bəy, Fərzalı bəy, Baxşalı bəy, Kazım bəy, Ağalar bəy, Bəylər bəy, İsfəndiyar bəy, Rüstəm bəy adlı oğulları, Tumar bəyim, Xanım bəyim, Gilə bəyim, Balaxanım bəyim, Qızxanım bəyim adlı qızları vardı.
Fəzləli bəy Qasım bəy oğlu Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ailədə Fəzi (çox vaxt da Feyzi, bəzən də Fəzli) çağırıldığından sonralar bu adla çavlandı.
Fəzi bəy mülkədar idi. Qardaşı Fərzi bəylə bərabər Cavanşir mahalında İlxıçı-Muğanlı, Hacıəlili və Fərzalıbəyli obalarını idarə edirdi. Şuşa şəhərində böyük mülkü, dükanları və karvansarayı vardı.
Fəzi bəy İbrahimxəlil xanın adlı-sanlı sərkərdələrindən idi. Bir çox savaşlarda iştirak etmişdi.
Fəzi bəy Əbülfət xanın tərəfdarı idi. Tarixçi Mir Mehdi Xəzani yazır: “Əbülfət xan baxmayıb və qulaq asmayıb, hökumət iddiasının əlamətlərini zahir eylədi. Bir para bəylərdən ki, onun qohumları idilər Mirzəli bəyi və Fəzli bəyi ki, ümdə bəylər və övlad və əqrəbaları çox və Ibrahim xanın əmizadələri və Qarabağ vilayətində ümdə və zübdə hesab olunan şəxslər idilər. Hərçənd, zahirən xandan, Məhəmmədhəsən ağadan və Mehdiqulu ağadan və Xanlar ağadan ehtiyat edib, Əbülfət xana aşikar yardım və kömək izhar edə bilməzdilər. Amma batinən onun istiqlalına kömək etməyə və himayət etməyə çalışırdılar”. (Qarabağnamələr, 2-ci kitab, Bakı, “Yazıçı”, 1991, səh. 163).
Tarixçi Mir Mehdi Xəzani sonra yazır: “çünki sərdara (Sisianova-Ə. ç.) məlum olmuşdu ki, İbrahim xanın əmizadələri Mirzəli bəy, Feyzi bəy və Məhəmmədhəsən bəy və onlara tabe olanlar Əbülfət xana maidirlər. Hərçənd onu xan edib və ona itaət etməyi zahirən özlərinə xiffət bilirdilər ki, İbrahim xanı və Məhəmmədhəsən ağanı tərk edib, Əbülfət xanı böyük edib, ona baş endirələr”. (Qarabağnamələr, 2-ci kitab, Bakı, “Yazıçı”, 1991, səh. 173)
Sisianovun əmri ilə Fəzi bəy və əmisi Mirzəli bəy tutulmuşdu. Tarixçi Mir Mehdi Xəzani bu barədə yazır: “Ona görə sərdar Sisianov qalaya varid olan vaxtda Mirzə Əli bəyi və Feyzi bəyi tutdurub, buyurdu ki, gərək evlərinizi götürüb, köçüb Tiflis şəhərinə gedəsiniz. Axırül-əmr Ibrahim xan xahişmənd olmağa görə onları buraxıb, amma Mirzə Əli bəyin böyük oğlu Behbud bəyi və Feyzi bəyin bir oğlu ki, qulluqçudan olmuşdu 15 yaşında, hər ikisini zaval alıb Gəncə şəhərində Məhəmmədhəsən ağanın oğlu Şükrulla ağa ilə zaval saxladı. Ondan sonra bir para bəylərə ki, Əbülfət xana meyil idilər, onlara təhdid və pareyi-itab-xitab və qadağan eylədi. (Qarabağnamələr, 2-ci kitab, Bakı, “Yazıçı”, 1991, səh. 173)
Əslində Sisianov onları şərt altında azad etdi. Mirzalı bəyin böyük oğlu Behbud bəyi və Fəzi bəyin 15 yaşlı oğlu Hüseynqulu bəyi aparıb, Gəncədə Məhəmmədhəsən ağanın ikinci oğlu Şükür ağa ilə birlikdə girov saxladı.
Fəzi bəy öncə 1806-cı ildə, İbrahimxəlil xan ölümündən az əvvəl İrana qaçmışdı. Tarixçi Mir Mehdi Xəzani bu barədə yazır: “Pəs, həman 1806-ci ildə bahar fəsli olan kimi naibüs-səltəneyi-İran Abbas mirzə qoşunlar cəm edib və tədarüklər görüb, Qarabağa köçmək binasını qoydu. Həman dəmlər Mirzəli bəy, İbrahim xanın əmizadəsi xandan xəlvət adam göndərib, oğlu Behbud bəyi ki, sərdar Sisianov zaval aparıb Gəncə şəhərində qoymuşdu, oradan oğlunu götürüb və Rusiyə dövlətindən əl çəkməyi zahir edib və Feyzi bəy də ki, Mirzəli bəyin qardaşı oğlu idi və Mirzəli bəydən heç vaxt da ayrı olmazdı, köçüb Qarabağdan Qızılbaşa və Arazın şul tərəfinə getdilər. (Qarabağnamələr, 2-ci kitab, Bakı, “Yazıçı”, 1991, səh. 177)
Mayor Lisaneviçin Sisiyanova göndərdiyi raportda deyilir: “ Məruzə etməyi özümə borc bilirəm ki, Mirzəli bəy Feyzi bəy öz kəndlərində yerləşmişdilər. Gizlincə Yelizavetpolda amanat kimi saxlanılan Behbud bəy Mirzəli bəy oğlunu götürüb Əbülfətin (Əbülfət xan Sarıcalı-Cavanşirin) yanına qaçıblar. O da Abbas mirzənin razılığı ilə 300 nəfərlik süvarinin başında Qarabağa çapqına gəlibmiş. Abbas mirzə hələ də Təbrizdədir. Pirqulu xan bir çox Qaradağlı ilə Muğanda yerləşib. İbrahim xan xəstədir. Onun zəifliyi baş verənlərin qarısını almağa əsasdır”. (QAKA, sənəd № 1490, Raportğ mayora Lisaneviça k üiüianovu, ot 1-qo ənvarə 1806 qoda, M 138. - Şuşa.)
Sisiyanov İbrahimxəlil xana yazırdı: “Siz hökumətinizi zəif idarə edirsiniz. Ona görə də Əlahəzrət imperatorun qəzəbinə tuş gələcəksiniz. Məni özümdən çıxaran bir hadisə ilə sizi tanış edim. Təzə xəbər almışam ki, Feyzi bəy və Mirzəli bəy Behbud bəyi Yelizavetpoldan (Gəncədən-Ə.Ç.) alıb Əbülfətin yanına gediblər. Qiyamçı qarabağlılar Qarabağın axırına çıxacaqlar. Oğlunuz Mehdi ağanı Şuşaya çağırın ki, sizə yardımçı olsun. Beləliklə siz xainlərin öhdəsindən gələrsiniz. Mirzəli bəyin etibarı məndə şübhə doğurduğundan onun oğlunu amanat (girov-Ə. ç.) saxlayırdım. Bu işlər mənim zənnimi doğrultdu”. (QAKA, sənəd № 1491, Pisğmo Kn. üiüianova k İbraqim-xanu , ot 9-qo ənvarə 1806 qoda, M 13.)
Sisiyanov bu barədə Mehdiqulu ağaya da xəbərdarlıq etmişdi: “Bu saat 17-ci yeger alayının mayoru Lisaneviçdən təsdiqedici məlumat almışam ki, Behbud bəy həqiqətən də Mirzəli bəy Fezi bəy tərəfindən Yelizavetpoldan (Gəncədən - Ə.Ç.) aparılıb. Onlar Əbülfətin yanına gediblər. Gərəkli bilirəm ki, bu saat Şuşaya gedəsiniz. Atanız qocalığa görə zəif idarə etdiyinə üçün ona kömək edəsiniz. Əlahəzrət imperatorun adından əmr edirəm ki, xəyanətkarları tapıb cəzalandırasınız. Əbülfət qardaşınız olsa da, Mirzəli bəy və Fezi bəyi Yelizavetpola göndərəsiniz. Rusiyaya bağlı olan Qarabağ əyalətində baş verən qiyamların baiskarı qardaşınızdır. Ona görə də qiyamçıları cəzalandırmasanız, siz özünüz dövlət xaini hesab olunacaqsınız və ciddi cəzasız qalmayacaqsınız. Bunu yaddan çıxarmağımızı gözləməyin. Bunları yerinə yetirəndən sonra mərhəmətli Əlahəzrət imperatorun lütfünü gözləyə bilərsiniz”. (QAKA, № 1492. Toje k Mexti-aqe, ot 9-qo ənvarə 1806 qoda.)
Mehdiqulu xanı Fəzi bəylə əməkdaşlıqda suçlayırdılar. Podpolkovnik Kotlyarevski Baron Rozenə yazırdı: “Məlumat almışam ki, Mehdiqulu xan qiyamçılar-Fəzi bəy və Əbülfətlə gizlincə yazışmalar aparır. O qədər hiyləgərdir ki, özünün bütün işləklərini ört-basdır edir, səs çıxmağa qoymur. Onun yazdığı 2 məktubu ələ keçirmişəm. Di gəl ki, bir cümlə də özü haqqında nəyəsə işarə etmir. General Nebolsinə çatdırmağı özümə borc bilirəm ki, onun xainlərlə bağlantısı hələ baş komandan (sərdar) knyaz Sisiyanovun vaxtında aşkar olunmuşdu”.