Qürubə qarşı (1915)
Müəllif: Hüseyn Cavid


Yanar ruhum dəmadəm, ruhi-məcruhum yanar, sızlar,
Bütün aləm dəyişmiş sanki, həp qəsvətnüma, məhzun...
Bütün ətrafı sarmış bir məlal; ağlar, cihan ağlar;
Könül məhzun, hava məhzun, günəş məhzun, səma
məhzun...
Günəş, dilbər günəş sıyrılsa yalnız sisli
çarşafdan,
Olur zənnimcə hər kəs, hər könül bir an için xəndan.

Günəş - əngin, nihayətsiz fəzanın nazlı sultanı,
Niçin? Bilməm niçin çıqmaz o xəlvətgahi-ismətdən?
Niçin afaqı sarmaz şöleyi-hüsni-zərəfşanı?
Niçin mərhum edər hissü xəyalı feyzi-söhbətdən?
“Niçin? Bilməm niçin!?” derkən, aman, ya rəb, nələr
duydum!?
Bulutlar sıyrılıb nagah müdhiş bir xəbər duydum:

Günəş, heyhat!.. O, qəhrindən qızarmış qanlı bir
sima
Ki, hər bir nəzreyi-xunini bir dəhşət bəyan eylər.
Əvət, hər nəzrəsindən bəlli bin əsrar, bin məna;
Qopan hərbü vəğadan sanki yüz bin macəra söylər,
Dəmadəm fışqıran atəşli, zəhragin dumanlardan,
O gülgün çöhrə guya sarsılır, məhcub olur hər an.
Əvət, dalğın günəş, tutqun günəş haqsız deyil, zira
Bütün yirminci əsrin müstəid evladı həp zalim...
Əyilməzkən mələk insanə, olmuş aqibət şeytan,
Nədən şeytanə əbd olsun bu gün ali-nijad insan!?

Cihan bir qətlgah olmuş, aman yoq zülmü vəhşətdən,
Bu insan məzbəhindən kimsə çıqmaz, kimsə qurtulmaz.
Bütün tarixi həp gözdən keçir ta bədi xilqətdən,
Əvət, bir böylə hüznavar, ələmpərvər bahar olmaz.
Könüllər qan, çiçəklər qan, bütün çöllər, çəmənlər
qan,
Dənizlər qan, bulutlar qan, hava qan, iştə hər yer
qan...

Böyük başlar dumanlanmış da, atəş püskürür hər an,
Qılıclar, süngülər, toplar, tüfənglər gürləyib parlar.
Nə istər bir-birindən anlaşılmaz sayğısız insan!?
Olur məmurələr viran, qopar atəşli tufanlar.
Fəqət bunlar, bu vəhşətlər, bu dəhşətlər niçin bilməm?
Əcəb, xalimi insafü mürüvvətdən bütün aləm!?
Bu qəsvətlər niçin bilməm? “Niçin? Ya rəb, niçin? derkən,
Qopub bir seyhə, müdhiş bir səda, bir nəreyi hey-hey!
Həmən sarsıldı ruhum, tüklərim ürpərdi dəhşətdən;
Dəmadəm yıldırım, şimşək çaqar, patlardı peydərpey,
Bu qızğın seyhə guya gürləyib söylərdi: - Ey qafil!
Fəlakətsiz səadət, qayğısız rahət deyil qabil.

Əmin ol, nerdə dirlik varsa, mütləq orda qavğa var;
Bu bir qanuni-hikmət, sirri-xilqətdir ki, məhv olmaz.
Basıb-kəsmək, yaqıb-yıqmaq azalmaz, daima artar;
Bu bir baziçeyi-qüdrət ki, bundan kimsə qurtulmaz.
Çalış həp qalib ol, mərd ol! Bu aydın bir həqiqətdir:
“Cihan bir nazənin dilğər ki, yalnız mərdə qismətdir...”