Qış
Qış (1908) Müəllif: Abbas Səhhət |
Payız çatanda axıra boranlı, qarlı qış yetər,
Soyuq, yağış, küləkli qar xəlaiqi məlul edər.
Havanın onda artırar soyuqluğunu günbəgün,
Ağacların vərəqləri düşər, xəzəl olar bütün.
Donar şirin sular bütün, düşəndə şaxta onlara,
Məşəqqət ilə sındırıb qarı yığarlar ambara.
Dəyirman işləməz, donar, gəliş-gediş çətinlənər,
Bazarda nırxı şeylərin o dəm ziyadə yüksələr.
Qopanda qarlı fırtına cahanı tarmar edər,
Qırar, yıxar ağacları, qiyamət aşikar edər.
Sükuta dalıyor meşə, cahanı başqa hüzn alar,
Qar üstə ol zaman fəqət qırıldaşar da qarğalar.
Qaçarlar isti yerlərə tamam quşlar ol zaman,
Bizimlə qışlayar fəqət dolaşa, sərçə, sağsağan.
Geyər çıraq bürünməsin soyuqda titrəyir, əsər,
Gedər odunçu meşəyə, ağac qırar, odun kəsər.