Qış ilə baharın deyişməsi
Qış ilə baharın deyişməsi Müəllif: Aşıq Şenlik |
Mənbə: Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14. |
Qış ilə növbahar düşdülər bəhsə,
Bahar dedi nəbahatım var mənim,
Qış dedi ki, zəhmi-zəhər kanıyam,
El içində ədalətim var mənim.
Bahar der ki, mən özüm yetirrəm,
Zövqi-ziynət, nuri-rəhmət bitirrəm.
Süsən, sünbül, mor bənövşə bitirrəm
Əlvan-əlvan nəbatatım var mənim.
Qış dedi ki, mənəm fitnə xaini,
Donduraram dərələrin suyunu.
Çox görmüşəm Əbu-Sinan oyunu,
Əfsun olmaz təriqətim var mənim.
Bahar dedi, mən qiymətsiz bahayam,
Savalan yaylağı, el evgahıyam,
Cilvəli qızların seyrangahıyam,
Can almağa nəzakətim var mənim.