Qılışdılar
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 38

Yetişmişəm cana, gəldim amana,
Sizin əlinizdən dad, qılışdılar!
Bu tərpənməyinən, deyim mərdana,
Alarsınız böyük ad, qılışdılar!

Karvançını incidirlər, soyurlar,
Üç şahı almaqnan bəyəm doyurlar?!
Biləsiniz, bizə hörmət qoyurlar
Qohum, dost həmi də yad, qılışdılar!

Axtaraq, bu işin sonunu görək,
Əlinizdən ərzə haraya verək?!
Göyçədə yemişik duzunun çörək,
Dərədə də şornan çad, qılışdılar!

Uymayın qəflətə, xaba yatmayın
Dünyanın malına dostu satmayın.
Tavaqqam var, sözü çox uzatmayın,
Qaçar aramızdan dad, qılışdılar!

Məhəmmədi incidənlər öyünər,
Müxənnət börkünü başa geyinər.
Məni görən iki yolla söyünər,
Qurtaranda olar şad, qılışdılar!