Qıldı ol sərv səhər, nazilə həmmamə xüram

Qıldı ol sərv səhər, nazilə həmmamə xüram
Müəllif: Məhəmməd Füzuli


Qıldı ol sərv səhər, nazilə həmmamə xüram,
Şəmi-rüxsarı ilə oldu münəvvər həmmam.

Görünürdü bədəni, çaki-giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam.

Niligun futəyə sardı bədəni-üryanın,
San bənəfşə içinə düşdü müqəşşər badam.

Oldu pabus şərifilə müşərrəf ləbi-hovz,
Buldu didadi-lətifilə ziya dideyi-cam.

Sandılar kim, satılır daneyi-dürri-ərəqi,
Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam.

Kakilin şanə açıb, qıldı həvayi mişkin,
Tiğ muyin dağıdıb, etdi yeri ənbərfam.

Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su,
Yetdi su cisminə, rəşk aldı tənimdən aram.

Çıxdı həmmamdən o, pərdeyi-çeşmim sarınıb,
Tutdu asayiş ilə guşeyi-çeşmimdə məqam.

Mərdümi-çeşmim ayağinə rəvan su tökdü
Ki, gərək su tökülə sərvin ayağinə müdam.

Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin,
Qılmasın sərf zər ol sərvqədü siməndam.