Qırğıyla gürzənin dostluğu

Rəvayətlər. Qırğıyla gürzənin dostluğu
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qırğı ilə gürzə bərk dost imişlər. Bir gün gürzə qırğının süzdüyü göylərə həsrətlə baxıb deyir:

– Qardaş, sən istədiyin vaxt göyə qalxırsan, istədiyin vaxt yerə enirsən, mənimlə gəzirsən. Mən yazıq isə həmişə yerdə sürünürəm. Heç göyə çıxa bilmirəm ki, görüm oralar necə yerdi. Nə olar, məni də bircə dəfə göyə qaldır.

Qırğı dostunun sözünü yerə salmır. Onu caynağına götürüb göylərə qaldırır. Əvvəl çayların, dənizlərin üstündən keçirlər. Gürzə bərk qorxur ki, birdən qırğıdı də, buraxar caynaqlarından, o da düşər suya ölüb gedər. Elə ki dəniz qurtardı, quru yerlərin üstündən keçməyə başladılar, o saat gürzənin ağlına pis fikirlər gəldi. İstədi dostluğa xəyanət eləsin. Qırğını çalıb öldürsün, yerə düşəndə yesin. Qırğı gürzənin ürəyindən keçənləri duydu. Tez caynaqlarını onun boğazına ilişdirib tərpənməyə qoymadı. Elə sıxdı ki, gürzənin gözləri yerindən oynadı, az qaldı çıxıb düşsün. Qırğı süzüb yerə endi. Gürzəni yarımcan halda torpağa düz uzadıb dedi:

– Bax, mən istəyirdim ki, sən dostluqda beləcə düz olasan. Ancaq görürəm ki, yolunu əyirsən. Səndən mənə dost olmaz.

Deyirlər ki, o gündən qırğı ilə gürzənin dostluğu pozulub. Qırğı harada gürzə görsə düz onun üstünə şığıyar, caynaqlarına alıb didib parçalayar, şirin-şirin də yeyər.

Mənbə

redaktə