Qırx Qönçə xanım
Qırx Qönçə xanım Müəllif: Şifahi xalq ədəbiyyatı |
Dedim getmə, qal, Sən ol abdal. Mən olum diləfkar. Dilimdən nə dedim yarə, Eşq odunu bəyan eylə. Ya məni öldür, qan elə, Ya seyrağıbı gözdən sal. Bəli, biri varımış, biri yoxumuş, Allahdan başqa heç kəs yoxumuş. Bir padşah varımış. Bu padşahın dövləti-malı, cah-calalı başdan aşmışdı, amma övlad üzünə həsrət qalmışdı. Bu padşah çox arvad alır, heç birindən övladı olmurdu. Münəccimlər bunun taleyinə baxıb deyirlər ki, gərək bir naxırçı qızı alasan, ondan övladın olsun. Padşah münəccimlərin sözündən çıxmayıb, fağır bir naxırçı qızı alır. Padşahdan bu arvadın boynuna uşaq düşür. Bəli doqquz ay, doqquz gün, doqquz gecə doqquz saat, doqquz saniyə keçəndən sonra arvad naxoşlayır.
Padşahın baş hərəmi öz vəzirinin bacısı idi. Bu, arvadları başına toplayıb dedi: – Necə olsun ki, biz arvadlardan uşaq olmasın, ancaq naxırçı qızından uşaq olsun? Naxırçı qızı doğandan sonra biz tay gözdən düşəcəyik. Baş hərəm bir küpəgirən qarı çağırıb əhvalatı ona söylədi. Qarı əvvəl bunu boynuna götürmədi. Bir qədər qızıldan-zaddan boyun olandan sonra öz üstünə götürdü ki, mən mamaynan işi düzəldərəm. Baş hərəm dedi: – Necə düzəldərsən? Qarı dedi: – Arvad doğanda nə təhər olursa-olsun uşağı gizlədib, onun yerinə it küçüyü qoyduraram. Qarı mamanı öyrədib ona çoxlu pul verdi. Bəli, vaxt yetişdi, arvad doğan zaman onun iki gözəl uşağı oldu. Mama o saat uşaqları gizlətdi, yerinə it küçüyü qoydu və padşaha tez xəbər yetirdi ki, arvadın it küçüyü doğmuşdur. Padşah qəzəblənib, əmr etdi ki, dərhal arvadı zindana salsınlar. Amma vəzir qabağa yeriyib dedi: – Qibleyi-aləm, bu yaxşı iş deyil. Təzə doğan arvadı zindana salmaq sizə yaraşmaz. Başqa yerdən eşidib bizə gülərlər. Yaxşısı budur ki, arvadı qov, şəhərin bir kənarında, bir xaraba yerdə qalsın. Gündə xörək-mörəklərin artıqlarından göndərərik, birtəhərnən dolanar. Baş hərəm yenə qarını çağırtdırıb uşaqların halını soruşdu. Qarı dedi: – Xanım, bir qutu qayıtdırıb, uşaqları içinə qoyub, atdıq dənizə. Sizə xəbər verim qutudan. Dəryanın üzündə qutu üzə-üzə getdi çıxdı bir dəyirmana. Dəyirman çı dən üyüdən yerdə gördü ki, dəyirman daşı dayanıb. Yuxarı çıxıb gördü ki, dəyirmanın novuna bir qutu ilişib. Tez qutunu gətirdi, açıb gördü ki, iki körpə uşaqdı. Həmin dəyirmançının heç uşağı olmamışdı, uşaqları evə gətirib arvadına dedi: – Arvad, övladımız yoxdu deyən, Allah bu uşaqları bizə yetirib. Gərək bunlara öz gözümüzün işığı kimi baxaq. Bu münvalnan uşaqlar on beş yaşına yetişdilər. Dəyirmançı ilə arvadı öldü, bir bacı, bir qardaş qaldılar. Bir gün qardaş yuxuda gördü ki, bir at dayanıb qapıda, buna deyir ki, gəl mənnən gedək, axırın xoşbaxtlıqdır. Oğlan yuxudan oyanıb gördü ki, bacısı yatıbdı. Eşiyə çıxdı, gördü ki, doğrudan da eşikdə bir at dayanıb. Rəvayətə görə at yel atı imiş. At dilə gəlib dedi: – Ay oğlan, min belimə, gedək, səni elə bir yerə aparacağam ki, orda xoşbaxt olacaqsan. Oğlan tez ata minib, yola düşdü. At yel kimi uçurdu. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi get ha get, bir qalaçaya yetişdilər. At dayanıb dedi: – Oğlan, düş. Oğlan düşüb qalaçaya yaxınlaşdı. Gördü ki, qırx ərşin ucalıqda bir hasarlı qalaçadı. Həmin qalaçanın da böyük bir dəmir qapısı var. At dedi: – Oğlan, mən gedirəm, sən burada qalarsan. Hər vaxt sənə lazım olsam, bu tüklərimdən oda tutarsan, hazır olaram. Oğlan qapıya yaxınlaşıb, bir təkan vurdu. Qapı açılmadı. İkinci təkan vuranda qapı açıldı. Oğlan içəri girib gördü ki, burda bir-birindən bəzəkli qırx otaq var. Otaqları bir-bir gəzdi, amma heç bir adam görmədi. Bəli, üç gün burda qalandan sonra yadına düşdü ki, bacısını da bura gətirmək lazımdı. Tez tükü oda tutdu, at hazır oldu. Ata minib yola düşdü. Bir neçə saatdan sonra bacısının yanına gəldi. Bacısı üç gün idi ki, fikir eləyib ağlayırdı. Qardaşının gəlməsini görüb yaman sevindi. Qardaşı dedi: – Bacı, tay durmaq vaxtı deyil, bizim qismətimiz başqa yerdədi. Dur min tərkimə bərabər gedək. Bacısı durdu ayağa, ikisi də birdən mindilər ata. At bunları həmin qalaçanın yanına gətirdi. Oğlan ipək dəsmalını çıxarıb atın tərini sildi. Keçdilər otağa, bir-bir otaqları gəzib, bacısına göstərdi. Bacısı da bu imarəti bəyəndi. Bunlar burda qalmaqda oldular. Bunların səsləri, soraqları hər yerə yayıldı. Hamı danışırdı ki, bəs filan qalaçada bir bacıqardaş yaşayır. Qız olduqca gözəl, qardaşı da pəhləvandı. Gündə ov ovlayıb gətirir. Bunlar burda yaşamaqda olsunlar, gəl sənə xəbər verim baş hərəmdən. Gözünə döndüyüm padşahın baş hərəmi eşitdi ki, bəs filan yerdə bir bacı-qardaş şad gün keçirirlər. Tez qarını çağırıb dedi: – Qarı nənə, nə təhər olmuş olsa, bu gün mənə bir xəbər gətirməlisən, görək o oğlannan qız kimdi. Qarı əvvəlcə getmək istəmədi. Axırda baş hərəm bir qədər qızıldanzaddan verdikdən sonra qarı dedi: – Buy, qarı nənən sənə qurban, niyə getmirəm, gedərəm, bir də üstəlik. Qarı çadrasını başına saldı. Yavaş-yavaş gedib özünü qalaçanın yanına yetirdi. Başladı ah-vaynan qapını döyməyə. Oğlan ova getmişdi, evdə yoxudu. Qız qapını açdı, gördü ki, bir nəfər qarıdı. Qarı qızı görən kimi dedi: – Buy, qarı nənən sənə qurban, heç rəvadı ki, sənin kimi gözəl, göyçək bir qız bu qalaçada tək tənha qalsın? Heç kəsin xəbəri də olmasın? Bəs kişi xeylağından-zaddan nəyin var? Qız dedi: – Qarı nənə, bir qardaşım var, o da ova gedib. Qarı əhvalatı bilib durdu getməyə. Çadrasını başına salıb dedi ki, darıxma qızım, mən tez-tez gələrəm, söhbətdən-zaddan elərik, günün xoş keçər. Qarı mürgüləyə-mürgüləyə özünü baş hərəmin yanına yetirdi. Baş hərəm oturub fikir edirdi ki, görəsən qarı nə xəbərnən gələcək. O, yəqin eləmişdi ki, bu oğlannan qız həmin padşahın naxırçı qızı arvadından olan uşaqlardı. Odur ki, çarə axtarırdı ki, onları yox eləsin, bu vaxt qarı tövşüyə-tövşüyə özünü yetirib dedi: – Xanım, həmin qalaçada bir oğlan və bir qız yaşayır, özləri də bacı-qardaşdılar. Baş hərəm tez barmağını dişləyib dedi: – Aha, ey dili-qafil, bu həmin uşaqlardı. Mən nə təhər eləyim ki, onların başın batırım. Qarını çağırtdırıb dedi: – Qarı nənə, bu səfər sənə bir çətin işim düşüb. Nə təhər olursa olsun, gərək ona əməl eləyəsən. Qarıda adətdi, bir az nəm-nüm eləyər. Bu qarı da bir az nəm-nüm eləyib dedi ki, nə buyurursan, xanım? Xanım dedi: – Gərək yenə gedəsən həmin qalaçaya, birtəhər eləyib o qızı başdan çıxarasan ki, qardaşını bir gedər-gəlməz yola göndərsin. Qarı əvvəl boyun olmadı, sonra qızılları görən kimi razı oldu. Yenə çadrasını başına örtüb dedi: – Buy, qarı nənən sənə qurban, o mənim əlimdə asan bir şeydi, düzəldərəm gedər, geri qayıtmaz, – deyib üz qoydu qalaçaya sarı. O gün oğlan yenə şikara getmişdi. Qarı qapını döydü. Qız gəlib qapını açdı, gördü ki, qarıdı, bunu otağa apardı. Qarı bir xeyli söhbətdən sonra dedi: – Qarı nənən sənə qurban, heç yaraşar ki, sənin kimi alagözlü, qələm qaşlı gözəl qız bu qalaçada tək qalsın? Yaxşısı budur ki, qardaşını göndər getsin Yəmən səhrasında olan rəngbərəng ağacı gətirsin. O ağac gələr sizin həyətinizdə olar. Yenə sən ona baxıb fərəhlənərsən. Qarı bu söznən qızın ağlını aldı. Qız da razı oldu. Qarı gedəndən sonra qız başladı qaş-qabağını tökməyə. Qardaşı ovdan gəlib gördü ki, bacısı fikirlidi. Yanına gəlib soruşdu: – Nə olubdu belə fikirlisən? Məgər mən ölmüşəm ki, fikir çəkirsən? Bacısı ağlamsınıb dedi: – Necə fikir çəkməyim, ölənəcən mən bu dörd divarın arasından çıxmayacağam. Mən burda darıxıram. Gərək gedəsən Yəmən çölündə olan rəngarəng ağacdan bir yarpaq gətirəsən. Qardaşı gülümsünüb dedi: – Yaxşı, bundan ötrü də adam keyfini pozar? Bu ki mənim əlimdə su içimi kimi bir şeydi. Qardaşı gəldi atın yanına, yəhəri atın belinə qoyub, ora-burasını tumarladı. At ona dedi: – Oğlan, bəs hara gedirsən? Oğlan dedi: – Bacıma filan ağacın yarpağından gətirməyə gedirəm. At dedi: – Oğlan, o yer qorxulu yerdi, ora gedən gəlməz. Ancaq sən mən deyənə qulaq asarsan. Min mənim üstümə gedək. Oğlan atın üstünə minib onu məhmizlədi. At yel kimi uçdu. Çox gedib, az gedib böyük səhrada bir qalaçaya yetişdilər. Oğlan gördü ki, qırx arşın hündürlükdə bir hasardı. At dedi: – Sən bərk dur, qorxma, mən özümü atacağam hasarın o tayına. Həyətdə hər nə qədər desən naz-nemət vardır. Görəcəksən ki, bir tərəfdə bir gözəl xanım oturubdu. Onun qırx hörüyü var. Hər hörüyünü bir qız tumarlayır. O biri tərəfdən görəcəksən ki, bir bığıburma keçəpapaq oturubdu ki, yanında qırx nəfər qulluqçusu var. Bir tərəfdə at, o biri tərəfdə it bağlanıbdı. Həyət nə həyət adamın ağlın başından çıxardır. Sən bunların heç birisinə fikir verməyib, həyətin ortasındakı rəngarəng ağacdan bir yarpaq qopardarsan. Yarpağı qoparandan sonra it başlayacaq hürməyə, at başlayacaq kişnəməyə, qulluqçular hər tərəfdən hücum eləyəcəklər səni tutmağa. Sən bunların heç birisinə qulaq asmayıb üstümdə bərk durarsan. Bunu deyib, at barıdan tullandı. Oğlan baxdı ki, doğrudan da atın dediyindən bir az da artıq bəzək-düzəkli, naz-nemətli bir həyətdi. Bunların heç birisinə fikir verməyib, özünü yetirdi ağacın yanına. Ağacdan bir yarpaq qopardıb getmək istədi. Hər tərəfdən qışqır-bağır qopdu, ancaq özünü sındırmayıb, atın üstündə bərk durdu. At hasarı aşıb yel kimi gəldi. Yetişdilər öz qalaçalarına. Atdan düşüb, tərini öz ipək dəsmalıynan silib, atı buraxdı. Baxıb gördü ki, ağac bunlardan qabaq gəlib həyətdə bitibdi. Bacısı ağaca tamaşa eləyir. Ağac nə ağac, gün vuran kimi hər yarpağı bir rəngə çalır, par-par parıldayır. Bir neçə gün bu qaydaynan qız gününü keçirdi. Bəli, baş hərəm eşitdi ki, oğlan yenə salamat qayıdıb. Neyləyim, neyləyim deyib fikirləşdi. Yenə qarını çağırıb, yanına dedi: – Qarı nənə, bir işim düşübdü sənə. Qarı əvvəlkindən də artıq nəm-nüm eləməyə başlayıb dedi: – Qarı nənən sənə qurban, xəstəyəm, vallah, heç yana gedəsi deyiləm. Xanım bir qədər pul göstərən kimi, qarının gözləri par-par çaldı. Qarı pulu görən kimi dedi: – Neyləyim? Xanımsan, deyirsən gərək gedəm. Xanım dedi: – Qarı nənə, oğlanı bu səfər elə bir yerə göndərərsən ki, getsin gəlməsin. Qarı dedi: – Bax, mənim bu gözlərim üstə, oğlanı göndərərəm gedər Qırx Qönçə xanımı gətirməyə. O elə bir yerdədi ki, ora quş quşluğuynan qanad sala bilməz. Xanım razılaşıb bərk-bərk tapşırdı ki, tez oğlanı həmin səfərə göndərsinlər. Qarı başmaqlarını geyib üz qoydu qalaçaya sarı getməyə. Qalaçaya yetişib qapını döydü. Qız gəlib qapını açıb qarını yuxarı apardı. Qarı ağacı həyətdə görəndə qıza dedi: – İndi gördün ki, bir az qəlbin açılır? İndi qardaşın sənin üçün gedib Qırx Qönçə xanımı da gətirsə, sənnən yoldaş olar, ta heç qəlbin tutulmaz. Bu söz qızın beyninə batdı. Qarı xatircəm olub getdi. Yenə oğlan ovdan gəlib gördü ki, bacısı qaş-qabaqlıdı. Yanına gəlib dedi: – Bacı, yenə nə olub sənə, qaş-qabağını tökübsən? Bacı dedi: – Əlbəttə, tökərəm, tək-tənha qalıram burda, ürəyim partlayır. Getdin ağacı gətirdin, bir qədər ürəyim açıldı. İndi də gedib Qırx Qönçə xanımı gətirsən, həm sənə yoldaş olar, həm də mənə. Qardaşı razı olub dedi: – Elə bundan ötrü ürəyini pozursan? Oğlan o saat gedib əhvalatı ata nəql elədi. At dedi: – Oğlan, xəbərin var ki, bu səfər ölümə gedirsən? Oğlan dedi: – Bilsəm ki, gedib gəlməyəcəyəm, yenə gedəcəyəm. At dedi: – Elə isə min belimə, ancaq mən dediyimdən çıxma. Oğlan ayağını qoydu üzəngiyə, at yel kimi götürüldü. Günə bir mənzil, teyyi-mənazil, get ha get özlərini yetirdilər həmin qalaçaya. At bir yerdə durub dedi: – Oğlan, yenə mən atılacağam həmin yerə. O şeyləri ki keçən gün görmüşdün, yenə həmin şeyləri görəcəksən. Görəcəksən ki, Qırx Qönçə xanım qırx qulluqçusuynan həyətdə oturub. Yetişib yapışarsan qızın qolundan. Qız getmək istəməyəcək, nə qədər yalvarsa qulaq asma, elə ki dedi: Həzrəti Süleyman eşqinə burax məni, sənnən gedəcəyəm, onda burax. Həmin saat alarsan qızı tərkinə, mən sizi kənara çıxaracağam. Nəbadə-nəbadə qızın dilinə inanasan ha! Yoxsa qulluqçular həmin saat səni parça-parça edərlər. Oğlan atın dediyi kimi elədi. At birdən atıldı həyətə. Oğlan gördü ki, Qırx Qönçə xanım oturub öz qulluqçularıynan. Özünü onun yanına yetirib tutdu əlindən. İstədi ki, qaldırıb ata mindirsin, qız başladı yalvarmağa: – Sən Allah, mənə dəymə, mən sənnən gedərəm, burax məni, mən söz verirəm sənlə getməyə. Oğlanın ürəyi yanıb istədi ki, qızı özbaşına buraxsın. At silkələndi. Oğlan tez başa düşdü, yenə qızın əlindən dartmağa başladı. Qız bu səfər dedi ki, Həzrət Süleyman eşqinə mən söz verirəm sənnən getməyə, məni burax. Oğlan qızı buraxdı. Qız atılıb mindi oğlanın tərkinə. At quş kimi hasarı aşıb yel kimi gəlib qalaçaya çatdı. Atdan düşüb yuxarı çıxdılar. Oğlan yenə atın tərini silib buraxdı. Qız gördü ki, qardaşı bir gözəl qıznan gəlir. Özünü tez yetirib, qucaqlaşıb, öpüşdülər. Xoş-beş, on beşdən sonra başladılar gün keçirməyə. Gəl sənə xəbər verim padşahdan. Bir gün padşah vəzirə dedi ki, vəzir hazırlaş bir şikara çıxaq. Vəzir işi əvvəldən bilirdi, əgər işin üstü açılsaydı padşah vəziri, bir də bacısını öldürəcəkdi. Vəzir naəlac qalıb hazırlıq apardı. Qıznan oğlan olan qalaçanın yanında böyük, güllü bir çəmən var idi. Padşahın fikri həmin yerə getmək idi. Qərəz, hazırlaşdılar, at, qatır, dəvə yükləriynən bir qədər qoşun götürüb şikara çıxdılar. Özləri də gəlib həmin qalaçanın yanında çəmənlikdə düşdülər. Oğlan gördü ki, padşah öz qoşunuynan gəlib bunların çəmənliyində düşdü. Fikir elədi ki, gedib desin ki, nə haqnan mənim çəmənliyimə düşübsən. Bu vaxt bacısı dedi: – Qardaş, necə olsa, yenə qoca padşahdı. Sənə yaramaz ona elə sözlər deyəsən. Get xoş gəldin de, görüş. Oğlan padşahın yanına gəldi, baş əyib salam verdi. Oğlan doğrudan da gözəl oğlan idi. Padşah oğlanı görən kimi, ona ürəkdən məhəbbət bağladı. Çay-çörək yeyib qurtardıqdan sonra soruşdu: – Bəs sənin adın nədi? Oğlan dedi: – Nəsir, dəyirmançı oğluyam. Bu sözü eşidən kimi, elə bil padşahın başına bir qazan isti su tökdülər. Öz–özünə fikirləşdi, sən padşah olasan, səndən olan övlad it küçüyü, amma dəyirmançıdan belə gözəl övlad olsun. Bunu fikir eləyib əhvalı qarışdı. Vəzirə dedi ki, hazırlaş, başım ağrıyır, getməliyəm. Bunlar durub səfərdən qayıtdılar, oğlan da durub qayıtdı öz evinə. Baş hərəm günü-gündən fikir eləyirdi ki, ay dadi-bidad, bu oğlan yenə də sağ-salamat qayıtdı. Tez hərəmlərdən bir neçəsini çağırıb, məsləhət elədilər ki, bir çarə tapsınlar. Hamısı bu fikrə gəldilər ki, qarının əliynən oğlanı ağır səfərə göndərsinlər. Səhər baş hərəm qarını çağırtdırıb dedi: – Qarı nənə, bilmirəm, göydə Allah, yerdə sən, bu səfər nə təhər olmuş-olsa, o oğlanı yox eləməlisən. Qarı nənə nəm-nüm eləməyə başladı. Sonra qızılın ucunu görən kimi razı oldu. Qərəz, qarı bir neçə qızıl alandan sonra yavaş-yavaş qalaçaya tərəf getdi. Qız iki gün idi ki, naxoşlamışdı. Bir təhər hiyləynən qapını açıb qızın yanına çıxdı. O yandan bu yandan söhbət eləyəndən sonra qıza dedi: – Mən dediyimə qulaq asmasan, günü-gündən saralıb solacaqsan. Qız dedi: – Nə çarə eləyim, qardaşım Qırx Qönçə xanımı gətirib onunla gündə keyf eləyirlər. Mən də burda yorğan-döşəkdə qalmışam. Qarı dedi: – Sənə bir yaxşı məsləhət eləyim. Qardaşını çağırıb ona de ki, getsin qara dev yurdunda olan ağ almadan gətirsin. Hərgah o almaları gətirsə, onnan birini soyub yeyən kimi sağalıb durarsan ayağa. Qız qarının sözünə inandı. Bir azdan sonra qardaşı gəlib, bacısının halını soruşdu. Bacısı dedi: – İki-üç gündü ki, yorğan-döşəkdə yatıram, heç mənə dava-dərman eləmirsən. Qardaşı dedi: – Nə istəyirsən eləyim. Qız dedi: – Gərək gedəsən qara dev yurdunda olan ağ almadan gətirəsən, mənim dərmanım ancaq odu. Oğlan gəlib Qönçə xanımın yanında əhvalatı ona bildirdi. Qırx Qönçə xanım dedi: – Ora gedər-gəlməz yoldu. Orda yeddi dev var. O devlərin əlinə düşən salamat qurtarmaz. Oğlan cavab verdi: – Bacıma söz vermişəm, ölüm də olsa gedəcəyəm. Qırx Qönçə xanım dedi: – Elə isə al üç dənə tükü, işin bərkə düşəndə bunun birisini tutarsan oda, nə təhər olmuş olsa, mən sənin imdadına çataram. Oğlan bunlarla görüşüb atın yanına gəldi. Atın yanlarını tumarlayıb yəhərini belinə qoydu. At dedi: – Oğlan, yenə qızın sözünə baxıb ölümə gedirsən, gəl bu yoldan qayıt. Oğlan dedi: – Mənim xasiyyətimi bilirsən, ölümə də olmuş olsa gedəcəyəm. At dedi: – Elə isə min üstümə, yola düşək. Oğlan ata süvar oldu, atı məhmizləyib yola düşdü. Gün bir mənzil, teyyi-mənazil, get ha get özlərini böyük bir dağın ətəyinə yetirdilər. At dayanıb dedi: – Oğlan, mən burda duraram, sən gedərsən o iki dağın arasına. Qabağına böyük bir meşəlik gələcək, o meşəliyin içində tək imarət görəcəksən. İmarətin qabağında bir çeşmə, çeşməni də başında yeddi dev görəcəksən. Bu devlər dəyirman daşlarını oynatmağnan məşğuldular. Sən ora gedən kimi sənə hücum edəcəklər. Əgər fürsəti düşmənə versən, onda sağ-salamat qayıtmayacaqsan. Yox, sən onları qabaqlayıb öldürsən, onda almanı qoparıb qayıdarsan. Alma ağacı evin qabağındakı həyətdədi. Ancaq yenə tapşırıram, nəbadə-nəbadə devlərin sözünə inanıb fürsəti onlara verəsən ha! Oğlan atı orda qoyub başladı getməyə. Bir xeyli gedəndən sonra girdi meşəliyin içinə. Bir qədər meşəliknən gedib at deyən imarətə rast gəldi. Gördü həmin yeddi dev bir böyük dəyirman daşını oynadır. Oğlanı görən kimi Qara dev qışqırdı: – Aha, ay bəni-adəm, sən bizim əlimizə yaxşı düşmüsən. İndi biz səni öldürərik, – belə deyib dəyirman daşını fırladıb oğlana tərəf atdı. Oğlan başını əydi, dəyirman daşı üstündən ötdü. Oğlan qılıncı siyirib devə endirdi. Dev iki parça olub yerə düşdü. O birisi devlər bunu görüb qaçmağa başladılar. Belə ki, oğlan özünü həmin ağ alma ağacının yanına yetirib almadan bir xurcun yığdı. Qayıdıb gəlmək istəyəndə hər tərəfdən səslər eşidilirdi: “Ay aman, qoymayın, tutun!” Oğlan bu səslərə fikir verməyib geri baxmadı. Gəlib dağın ətəyində, yenə öz atına süvar olub yola düşdü. At yel kimi uçub, qan-tər içində oğlanı mənzilə yetirdi. Oğlan tez atdan düşüb ipək dəsmalnan atın tərini sildi və almaları da aparıb bacısına verdi. Bacısı almalardan birini yeyib ayağa durdu. Bunlar burda qalmaqda olsun, gəl sənə kimdən xəbər verim, baş hərəmdən. Baş hərəm gecə-gündüz yata bilməyib fikir eləyirdi ki, hərgah məsələnin üstü açılarsa, padşah bunu və vəziri öldürəcəkdir. Odu ki, istəyirdi ki, oğlanın başını batırsın. Bu səfər də eşitdi ki, oğlan salamat qayıdıb. Qarını çağırıb dedi: – Qarı nənə, məni balalarının başına çevir. Bizim bu fəndimiz baş tutmasa, tay ölümümüz yaxınlaşır. Qarı cavab verdi: – Tay mənim fəndim yoxdu. Rəngbərəng ağac dalınca göndərdim, salamat qayıtdı. Qırx Qönçə xanımın dalınca göndərdim, salamat qayıtdı. Axırda yeddi dev yurdundakı ağ alma dalınca göndərdim, yenə salamat qayıtdı. Tay mənim işlədəsi fəndim yoxdu. Baş hərəm dedi: – Qarı nənə, bir iş var, əgər bunun dalınca da göndərsən, ümid var ki, tay salamat qayıtmasın. Qarı dedi: – O nədi? Baş hərəm dedi ki, bir təhər eləyib oğlanı Qırx Keçəpapağın dalınca göndərmək lazımdı. Özün bilirsən ki, oraya quş quşluğuynan qanad sala bilməz. Qarı razı olub qızın yanına getdi. Qız yenə bikef oturub fikir edirdi. Gördü ki, qarı pilləkənlərdən yavaş-yavaş çıxır. Qarı ona yaxınlaşıb, dilini işə salıb dedi: – Qadan-balan alım, Allaha şükür, deyəsən sağalmısan. Qız dedi: – Bəli, qarı nənə, qardaşım almanı gətirəndən sonra bir az babatam. Qarı nənə dedi: – Ay qız, mən bilirəm ki, sənin günün pis keçəcək. Çünki qardaşın özünə Qırx Qönçə xanımı gətirib, o birisi otaqda keyf eləyir. Sən də Allaha şükür yekə qızsan, burda tək-tənha qalırsan. İndi ki, belədi, qardaşına de ki, gedib Qırx Keçəpapağı gətirsin, sən də onnan keyf eləyəsən. Qız qarının sözünə inandı. Qarı gedəndə qıza bərk-bərk tapşırdı ki, qardaşını ora göndər. Qarı gedəndən sonra qız bir az qaşqabağını sallayıb eyvanda oturmuşdu. Qardaşı Qırx Qönçə xanımnan eşiyə çıxıb bunu bikef gördülər. Qardaşı yanına gəlib bunun boynunu qucaqladı. Hər iki gözlərindən öpüb dedi: – Bacı, niyə fikir eləyirsən, mən ölməmişəm ki, ürəyində nə ki dərdin var, mənə söylə. Bacardığım yerə kimi dərman elərəm. Qız dedi: – Hələ utanmaz-utanmaz danışırsan. Qönçə xanımnan səhərdən axşama kimi gəzib dolanıb keyf eləyirsən. Bəs mən heç adam deyiləm? Gərək gedib Qırx Keçəpapağı da mənim üçün gətirəsən. Oğlan yenə də qızın ürəyini sıxmayıb, mənim gözüm üstə dedi. At yenə dillənib dedi ki, oğlan, hara gedirsən? Oğlan dedi ki, gedək Qırx Keçəpapağın dalınca. At dedi: – Sən o həyətə neçə dəfə çıxmısan, o dəmdəsgahı bilirsən, ancaq sənə deyirəm ora çox qorxuludu. Təvəkkül Allaha, gedək. Oğlan ata süvar olub başladı getməyə. İki saatdan sonra özlərini qalaçanın yanına yetirdilər. Gördülər bir Keçəpapaq ortada oturub, dövrəsində Qırx Keçəpapaq qulluqçu var. At dedi: – Oğlan, həmin Keçəpapağın yanına gedərsən. Ya Allah deyib əl atarsan onun papağına, ancaq onu bil ki, birinci dəfədə götürməsən, yarıya qədər quma batacağıq. İkinci dəfə götürməsən, boğaza qədər quma batacağıq, üçüncü dəfə də götürə bilməsən, sən də, mən də daşa dönəcəyik. Oğlan bu sözləri eşidib atın üstündə bərk durdu. At bir dəqiqədə özünü həyətə atdı. Oğlan özünü yetirib əl atdı Keçəpapağın papağına. Həyətdəki dəhşət bunu qorxudub əli boşa getdi. At xəbər verdi ki, dizə qədər torpağa batdıq. İkinci dəfə əlini atanda yenə boşa getdi. Oğlan atın üstündə boğaza qədər atnan bərabər torpağa quylandılar. At oğlanın qulağına dedi: – Özünü yığışdır, bu səfər də papağı götürməsən, biz daşa dönəcəyik. Elə bil ki, oğlana təzədən qüvvət gəldi. Əlini atıb papağı götürdü. Papağı götürən kimin torpaqdan xilas oldular. O saat at özünü qalaçanın bu tərəfinə atdı, üz qoydular gəlməyə. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi özlərini yetirdilər evə. Oğlan tələsik atdan düşüb pilləkənlərdən çıxmağa başladı. Yarıya qədər çıxanda yadına düşdü ki, atın tərini silməyibdi. Tez qayıdıb atın tərini silməyə başladı. At dedi: – Oğlan, dua elə ki, anan namaz üstə idi. Hərgah pilləkənlərin axırında yadına düşsə idi, bu dəm-dəsgah hamısı yox olmuşdu. Qərəz, 05; təyin eləyək bir neçə gündən sonraya. Padşah bu səfər vəzirin sözünü qəbul eləməyib dedi: – Mən nə deyirəm, ona qulaq as, sabah şikara çıxmalıyıq, özü də həmin o dəyirmançı oğlunun çəmənliyinə. Qərəz, vəzir naəlac qalıb padşahın sözünü qəbul elədi. Sabah oldu, padşah, vəzir, əyanlar, bir qədər də qoşun götürüb yola düşdülər. Oğlan qalaçada oturub söhbətə məşğul idi. Bir də gördü ki, qatırların ucu açıldı. Elə güman elədi ki, padşah şikara çıxm�; təyin eləyək bir neçə gündən sonraya. Padşah bu səfər vəzirin sözünü qəbul eləməyib dedi: – Mən nə deyirəm, ona qulaq as, sabah şikara çıxmalıyıq, özü də həmin o dəyirmançı oğlunun çəmənliyinə. Qərəz, vəzir naəlac qalıb padşahın sözünü qəbul elədi. Sabah oldu, padşah, vəzir, əyanlar, bir qədər də qoşun götürüb yola düşdülər. Oğlan qalaçada oturub söhbətə məşğul idi. Bir də gördü ki, qatırların ucu açıldı. Elə güman elədi ki, padşah şikara çıxmışdı. Bu dəfə qəzəblənib Qırx Qönçə xanıma dedi ki, mən gedib padşaha deyəcəyəm ki, birinci dəfə sənə hörmət elədim. İkinci dəfə nə haqnan bizim çəmənliyə səyahətə gəlmisən. Qırx Qönçə xanım əhvalatı bilirdi. Oğlanın hirsini soyudub dedi: – Ayıbdı, necə olsa yenə padşahdı, biz gərək onu qonaq çağıraq. Sən sabahdan get, padşahı, vəzirini baş hərəmini və bir neçə adamını da qonaq çağır. Oğlan Qırx Qönçə xanımın sözünə baxıb getdi. Padşah yenə çəmənlikdə oturub eyş-işrətə məşğul idi. Birdən oğlanı görüb yenə fikri dağıldı. Oğlan padşaha yanaşıb, təzim eləyib salam verdi. Padşah salamı alandan sonra oğlanı öz yanında oturtdu. Yemək-içməkdən sonra ayağa qalxıb ehtiramnan padşaha dedi: – Sabah zəhmət çəkib öz vəzir, vəkil, bir də hərəmlərinnən bizə qonaq gələrsiniz. Padşah razı oldu. Bir gün qabaq oğlan çox ov vurmuşdu. Qırx Qönçə xanım əmr elədi ləzzətli təamlar hazır olundu. Vaxt oldu, padşah dəstəsiynən oğlana qonaq gəldi. Padşah, əyanlar qaydaynan çay içəndən sonra təam yeməyə başladılar. Qırx Qönçə xanım süfrəyə oturandan qabaq, iki balaca it küçüyü hazır eləmişdi. Birinci tikəyə başlayanda, Qırx Qönçə xanım küçükləri içəri buraxıb süfrəyə çağırdı. Böyük nimçədə onların qabağına yemək qoydu. Padşahın baş hərəmi bu əhvalatı görüb, payız yarpağı kimi əsməyə başladı. Vəzirin rəngi də qaçdı. Əlqərəz bunlar özlərini itirmişdilər. Padşah bu işdən xeyli rəncidə oldu, ancaq məsələni öz ürəyində o yan-bu yana çevirirdi. Təam yeyiləndən sonra padşah özünü saxlaya bilməyib, Qırx Qönçə xanımdan əhvalatı xəbər aldı: – Sən it küçüklərini bizim kimi əziz tutursan? Qırx Qönçə xanım özünü itirməyib cavab verdi: – Bizimnən it küçüyünün nə təfavütü vardı? Padşah bir az da qəzəblənib getmək istədi. Qırx Qönçə xanım yenə üzünü padşaha tutub dedi: – Qibleyi-aləm, sözümə qulaq ver, gör nə deyirəm. Padşah burda bir sirr olmasını bilib, sözün dalısına qulaq asdı. Qırx Qönçə xanım yenə sözünə davam eləyib dedi: – Padşahım sağ olsun, bir insan ki it küçüyü doğa, həmin it küçüklərinin insannan süfrədə bir xörək yeməsində nə böyük iş varmış? Padşah tez barmağını dişlədi, qəzəblənib işin həqiqətini bilmək istədi. Qırx Qönçə xanım ayağa durub oğlanın, qızın əlindən tutdu, padşahın yanına gətirib dedi: – Qibleyi-aləm, bu sənin oğlun, bu sənin qızın, mən sənin gəlinin! – Keçəpapağı göstərib dedi. – Bu da sənin yeznəndi. Padşah o saat əmr edib vəziri, baş hərəmi, qarını, bir də həmin mama ki, uşağı tutmuşdu, onu dəli qatırın quyruğuna bağlayıb qatırı qovdurdu. Bir azdan sonra hər tikələri bir daş arasında qalıb öldülər. Padşah əmr elədi naxırçı qızını gətirdilər. Hər gün xörəklərin artığını yeyən bu arvad əriyib çöpə dönmüşdü. Arvad gəlib oğlunu, qızını gördü, əhvalatı bilən kimi ürəyi keçib qəşş elədi, tez gülab tapıb bunu ayıltdılar. Qırx gün, qırx gecə toy eləyib, naxırçı qızını da baş hərəm yerində qoyub keyf elədilər. Yedilər, içdilər, mətləblərinə çatdılar.