Qızıl Başmaq
Qızıl Başmaq Müəllif: Şifahi xalq ədəbiyyatı |
Biri vardı, biri yoxdu, bir kəndli yaşayırdı. Onun üç oğlu vardı. Bir gün kəndli öz tarlasına baxmağa getdi və gördü ki, bu sahəni at tapdalayıb. O, evə qayıtdı və böyük oğluna dedi.
-Bizim tarlamız bir at tərəfindən tapdalanıb. Bu gün sən oranın gözətçiliyini etməlisən.
Böyük oğul geçə tarlaya getməkdən qorxdu, hardasa gizləndi və səhərə kimi yatdı. Evə qayıdanda ata ondan soruşdu.
-Necəsən, tarlada nə gördün?
-Heç nə baş vermədi, - deyə oğul cavab verdi.
Elə həmin gün ata tarlaya baxmağa getdi və gördü ki, ora yenə at tərəfindən tapdalanıb.
Bu dəfə ata ortancıl oğlunu gözətçilik etməyə göndərdi. O da böyük qardaşı kimi hərəkət etdi.
Üçüncü gün ata tarlaya kiçik oğlunu göndərdi. Kiçik oğlu öz çeçələ barmağını kəsdi və üstünə duz tökdü ki, gecə ağrıdan yata bilməsin. O, tarlada gəzişməyə başladı. Bir azdan tarlaya iri atlı daxil oldu. Kiçik oğul atın yüyənindən yapışdı. Oğlanın əlində qızıl başmaq qaldı, atlı isə yox oldu. Kiçik oğul evə qayıdıb hər şeyi atasına danışdı. O çox təəccübləndi. Kiçik oğul dedi:
-Ata, mən qızıl başmağın ikinci tayını və onun sahibini tapmalıyam.
Ata oğlunu buraxmaq istəmədi, lakin gənç öz sözünün üstündə durdu və səfərə çıxdı. O, çox getdi, az getdi, dərə-təpə düz getdi və nəhayət bir şəhərə çatdı. Gənc kasıb bir qarının evinə daxil olub soruşdu.
-Qonaq qəbul etməzsiniz?
-Qonaq allahın göndərdiyidir, oğul gir içəri – deyə ev yiyəsi cavab verdi.
Bir az istirahət edəndən sonra kəndlinin oğlu soruşdu:
-Şəhərdə hansı yeniliklər var?
-Vallah oğul - deyə qarı cavab verdi, - bizim şəhərdə hər geçə küçəyə çıxanlar məhv olurlar. Onları kim öldürür? – məlum deyil. Onda gənc qarıya dedi:
-Get çarın yanına və ona de ki, bir oğlan var, o bizi və şəhəri əjdahalardan xilas edə bilər. Qarı çarın yanına yollandı və ona dedi:
-Möhtərəm çar, səni salamat olasan! Mənim evimdə bir əcnəbi yaşayır. O, söz verdi ki, bizi əşdahalardan xilas edəcək.
-Qarı tez ol, onu bura gətir! – deyə çar əmr etdi.
Qarı evə gəldi və qonağı çarın yanına gətirdi. Çar ona dedi:
-Sən əgər bizi bu əşdahadan xilas etsən, mən sənə, çoxlu mükafat verəcəyəm.
Gənc eşitmişdi ki, əşdaha qəbirstanlıq tərəfdə qorunur. Ona görə də o qəbirstanlıq tərəfə gəldi və orada gizləndi. Gecə yarısı o, güclü səs eşitdi, sonra burada uzun qorxulu vicud göründü. O, belindən bir qamçı çıxartdı bir qəbrə vurdu, qəbir açıldı, ordan ölü çıxdı, sonra qamçı ilə bir də vurdu, ölü yerinə qayıtdı. Onda gənc onun üstünə atıldı və əlindən qamçını aldı. Bu vaxt qorxulu vicud yox oldu.
Səhər gənc çarın yanına gəldi və ona hər şeyi danışdı.
Çar çox sevindi:
-De, görək, səni nə ilə mükafatlandırım? Nə istəyirsən-istə, nə arzun varsa, de!
-Sağ və salamat ol, çar! – deyə gənc cavab verdi. –Mənə heç nə lazım deyil! Təkcə mənə kömək elə, bu başmağın o biri tayını tapa bilim.
-Sənə nə qədər istəyirsən var - dövlət verə bilərəm, ancaq bu başmağın o biri tayını tapmağa sənə kömək edə bilməyəcəyəm.
Onda gənc hər şeydən imtina etdi, çarla xudafizləşib yoluna davam etdi. O, çox getdi, az getdi, nəhayət başqa şəhərə gəlib çatdı. Bu şəhəri başqa çar idarə edirdi. Gənc bu dəfə də kasıb qarının evində məskən saldı. O, gördü ki, ev yiyəsi tamam çılpaqdır, ondan soruşdu.
-Niyə sənin ətində paltar yoxdu, lütsən?
Qarı cavab verdi:
-Vallah, oğul, bizim şəhərdə heç kəsin əynində paltar yoxdur. Bizim şəhərə üzüb gələn mallarla dolu gəmilər gecələr burada batır. Heç kəsə məlum deyil ki, onları kim batırır.
Gənc qarıya dedi:
-Mən şəhəri bu bəladan qurtararam. Get çara de!
Qarı hər şeyi çara danışdı. Çar əmr etdi ki, mərd əcnəbini dərhal onun yanına gətirsinlər. Çar ondan soruşdu.
-Şəhərimizi əşdahalardan qurtarmaq üçün sənə nə lazımdır?
-Mənə bir neçə gəmi lazımdır, -deyə gənc cavab verdi.
Ancaq qoy onlar dənizə bir-bir çıxsınlar. Beləliklə mən biləcəyəm onları kim batırır.
Gəmilər bir- bir dənizə çıxmağa başladılar. Birdən kimsə birinci gəmini saxladı və onu aşağı çəkməyə başladı. Gənc qorxdu ki, kiminsə əli gəmini dənizin dibinə çəkir. Gənc onun üstünə atıldı, əl yoxa çıxdı, ancaq kəndlinin oğlu onun barmağından üzüyü çıxara bildi. Onda hünərvər gənc qərara aldı ki, görsün ki, sualtı çarlıqda nələr baş verir. Qəribə burasındadır ki, o, dənizdə olsa da tam quru idi, islanmamışdı. O, çox getdi, az getdi, gəmi dənizin gedişinə çatdı. Gənc burada çox hündür qala gördü. Qala o qədər hündür idi ki, onun təpəsinə baxanda adamın başındakı qapaq yerə düşə bilərdi. Gənc qalaya daxil oldu. O, burada gördü ki, böyük süfrə açılıb üstündə isə ləzzətli yeməkər düzülüb. Ancaq burada heç bir canlı vicud görünmür. Gənc yedi, içdi, istirahət etdi və birdən gördü ki, açıq sandığın üstündə qızıl başmağın bir tayı var. Gənc sandığın üstünə başmağın o biri tayını qoydu, özü isə gizləndi. Bir az keçəndən sonra bura üç göyərçin uçub gəldi. Onlar tük və lələklərini atıb, gözəl qızlara çevrildilər.
Birdən onların kiçiyi qızıl başmağın tayını görüb, dilləndi.
-Bu başmağın tayını mən uzaq ölkədə qoymuşam. O bura necə gəlib çıxıb. Yəqin burada kimsə gizlənib. Əgər gəlmisənsə, çıx səni görək. Gənç gizləndiyi yerdən çıxdı.
-Biz dəniz hökmdarının qızlarıyıq, -deyə qızlar dilləndilər.
-Bəs sən kimsən?
Gənc qızlara öz sərgüzəştlərindən danışdı, onlara qamçını və üzüyü göstərdi.
-Bu, mənim üzüyümdür, - deyə böyük qız bildirdi.
-Bu qamçı isə mənimdir, -deyə ortancıl dilləndi.
Kiçik qız və gənc dərhal bir-birlərini sevdilər və evlənmələrinə qərar verdilər.
Çar və çariça razılıqlarını bildirdilər və tezliklə böyük toy çaldırdılar: burada yeddi cüt zurnada və nağarada çalan iştirak edirdi. Sonra gənc öz arvadını və onun bacılarını öz qardaşları üçün götürüb, dəniz çarından çoxlu qiymətli hədiyyələr alıb, evə yollandı.Yolla gedərkən o, kömək göstərdiyi çarlara baş çəkdi. Onlar da ona çoxlu hədiyyələr verdilər. O, evə gəldi. Dəniz çarının qızlarını qardaşlarına ərə verdi. Burada da böyük toy çaldırdı, toyda bütün şəhər şənlik etdi.
Mənbə
redaktə- Dağıstan xalqlarının nağılları. Bakı, 2013