Qızım üçün
Müəllif: Əhməd Cavad


Nişanlanmış siyahı elementi
Qüdrətim olsaydı, yaza bilsəydim,
Bir kağız üstünə bu dərdi, qızım!
Sənin müsibətin mənim dərdimdən,
Neyləyim ki, qat-qat betərdi, qızım!

Bunu kim deyərdi bir səhər çağı
Tarımar olacaq ömrümün bağı?
İpək tellərinin gəlsə sorağı,
Qəlbimdə nə güllər bitərdi, qızım!

Mənim müsibətim gəlməz ki, başa
Dur dedim, durmadı gözümdə yaşa.
Desəydim dərdimi qəbirdə daşa,
О da dil-dil olub ötərdi, qızım!

Süzülüb bir daha gələ bilsəydin,
Barı bir dəfəlik gülə bilsəydin;
Ya da rahat-rahat ölə bilsəydin
Bütün qəmim, qüssəm itirdi, qızım!

Məktəb bacılarım gördülər zatən,
Can verən sən idin, canı çıxan mən!
Sən çıxıb gedərkən təzə aləmdən
Mənim əlimdəki nə tərdi, qızım?!

Göllərim qurudu, sonam ağladı,
Sonama səs verdi, anam ağladı;
Toyuna aldığım xınam ağladı,
Mənə qara daşlar gül verdi, qızım!