Qızıma (Cəfər Cabbarlı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qızıma (1915) Müəllif: Cəfər Cabbarlı |
"Qızıma" adlı satirasında ("Babayi-Əmir", 1915, №19) qızlarını cəhalətdə saxlayan köhnə fikirli atalar tənqid edilmişlər. |
Fikrini vermə nə elmə, nə də ürfanə, qızım!
Çoxdur elmin zərəri din ilə imanə, qızım!
Oxuyub elmi, evin eyləmə viranə, qızım!
Yoxdur elmin səməri qövmi-müsəlmanə, qızım!
Dərsü məktəb sözün, ol lal, gətirmə dilinə;
Qələmi xarici məzhəb kimi alma əlinə.
Vurma ləkə daha, Allahı sevərsən, elinə.
Elm bir şeymi, verə mənfəət insanə, qızım?
Nə rəvadır salasan möhnətə qəmsiz başını,
Edəsən xalqın arasında xəcil qardaşını;
Get bişir evdə, bala, düşbərəni, bozbaşını,
Verginən meylini xingalə, fisincanə, qızım!
Otur evdə, atanın eylə pinə çul-çuxasın;
Ananın bitləginən sübhü məsa baş-yaxasın.
Elm üçün insan atarmı atasın, həm anasın?
Ağlını başına yığ, heç olma divanə, qızım!
Evdə ol, çıxmaginən sən, bala, bir dəm eşiyə;
Et təmiz, yaxşı süpür, diqqət elə ev-eşiyə;
İnəyə yem veribsən, qulluq elə it-pişiyə;
Bəsləyib, sonra sula, yaxşı bax heyvanə, qızım!
Yaşın oldu on üç, ay qız, səni verrəm bir ərə,
Bir müqəddəs kişiyə, pulluya, bir bəxtəvərə;
Vermərəm boynu qıraxmallıya, ya injenerə,
Razı olmam düşəsən zülm ilə zindanə, qızım!