Qız qalası (rəvayət)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Rəvayətlər. Qız qalası
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir qız varmış. Bu qızı Arazın o tayından bir xan öz oğluna almaq istəyirmiş. Xan neçə dəfə elçi yollayır, qızın “hə”sini ala bilmir. Xan xəbər göndərir ki, qızı xoşluqla verməsəniz, gəlib zorla alacam.

Qızın qardaşları bir qala tikdirirlər. Neçə ilin azuqəsini yığıb, yerin altıyla su çəkdirib, qalada yaşamağa başlayırlar. Xan qoşun çəkib gəlir, nə qədər eləyir, qalanı tuta bilmir. Bir qoca, xana deyir ki, odunun yolunu, suyun yolunu kəssən, qalanı ala bilərsən. Xan qalanın odun yolunu kəsir. Qızın qardaşları odun yerinə tüfəngin qundağını yandırırlar.

Xan nə qədər eləyir, qalanın su yolunu tapa bilmir. Qoca deyir:

– Gedin bir qatıra o ki var arpa yedizdirin, amma su verməyin. Aparın qalanın dörd bir yanını dolandırın, qatır harda ayağını yerə döysə – su yolu ordadı.

Elə də eləyirlər; qatır ayağını döyən yeri qazıb, qalanın suyunu kəsirlər, qızı götürüb aparırlar.

Qatır qalası o vaxtdan qalmalıdır. Bu qalaya Qız qalası da deyirlər.

Mənbə

redaktə