Qıza dönmüş cin
Rəvayətlər. Qıza dönmüş cin Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir kişi töyləyə gedir kin, mal-qaranın axşam alafını versin.
Görüp kin, töylədə bir gözəl qız var. Tutub əlindən öyinə gətirir,
özünə arvad eliyir. Sən demə bu, cin nəslinnən iymiş.
Aradan xeylax keçir, oların iki uşağı olur. Gənə gəlir kin, həmin
kişinin anası ölür. Ölən vaxt töylədən tapılan arvad hoppanıb yük
üstə qalxır, şaqqanaq çəkib gülür. Kişi camaatdan utanır, həm də
arından bir söz dəyəmmir. Camaat dağılandan sonra kişi cumur arvadın
üstünə kin, o nəydi başıma gətirdin? Arvad deyir kin, gəl daşı
tök ətəyindən bu sirri soruşma. Yazıxsan, iki uşağın var, sonra peşman
olarsan. Kişi əl çəkmir kin, əl çəkmir. Kişi nə biləydi kin,
arvad cin nəslindənmiş. Axırda arvad görür kin, kişi əl çəkmir, açıb
sirri deyir:
– Ay kişi, mən cinəm. Yük üstə ona görə çıxdım kin, Əzrayıl arvadın boğazına xəncər çəkəndə qan evi bürüdü. Qana bulaşmayım deyin yük üstə çıxdım, bunu siz görə bilməzdiniz, amma mən görürdüm. Ona görə güldüm ki, ananı basdırmağa aparanda onun dalınca bir tay çarıx gedirdi, bir də süpürgə. Çünki anan heç kimə yaxşılıq eləməyib. Yaxşılıq edib verdiyi bir tay çarıq idi, bir də bir süpürgə. O da dalına düşüb gedirdi. Bunu da siz görmədiniz. Ancaq mən gördüyümdən gülməyimi saxlaya bilmədim.
Arvad sözünü deyən kimi yox oldu. Kişinin də bir əli oldu, bir başı. Çünki arvad öydə olanda hər şey də bol idi, yox yerdən hər şey olurdu. Kişi düşüb hər yanı axtardı, amma arvadı tapa bilmədi.