Qızqala
Rəvayətlər. Qızqala Müəllif: Şifahi xalq ədəbiyyatı |
Arpaçay vadisində iki tayfa yaşayırmış. Bu tayfalar həmişə torpaq
üstə dava salarmış. Bunlardan biri Muğanlı tayfası, o biri də
Aranlı tayfası adlanırmış. Muğanlı tayfa başçısının igid bir oğlu,
Aranlı başçısının gözəl bir qızı varmış. Bir günləri oğlan bu tayfadan,
qız da o tayfadan çayın qırağına yenirlər. Uzaqdan-uzağa bir
könüldən min könülə bir-birinə aşiq olurlar. Oğlan çayı üzüb qızın
yanına keçir. Görüşürlər, bir-birinə könül verib, əhd-peyman bağlayırlar.
Heç kəs bilməsin deyə hər gün gecə görüşməyi qərarlaşdırırlar.
Şərtləşirlər ki, görüşdən qabaq oğlan o tayda Qaratəpə
dağında tonqal qalamalıdı, qız da bu tayda. Aralarında söz kəsirlər
ki, kim əhdə vəfasız çıxsa özün tonqalda yandırsın və o tonqalın üzərindən tullansın əgər, tullanmasalar edam olunsun.
Bu yolda onlar çox görüşürlər. Bir gün oğlan tonqal qalayıb gözləyir. Görür o tayda tonqal yanmır. İkinci gecə də belə keçir. Üçüncü gün oğlan qızın toyu olduğunu eşidir. Anlayır ki, sevgilisi əhdinə vəfasız çıxıb. Gen dünya oğlana dar gəlir. Fikirləşir ki, bundan sonra onun yaşamağı nə yaşamaqdı. Özünü qaladığı tonqala atır. Amma vəfasız olmadığından odda yanmır. Ağ bir daşa dönür. Deyilənə görə, o vaxtdan el arasında bura Oğlanqala, qızın yaşadığı yer də Qızqala adlanır. Camaat indi də Axır çərşənbədə Ağ daşda od qalayır, oranı müqəddəs yer kimi tanıyır.