Qəlbimi çaldı yarın nazla məsiha nəfəsi

Qəlbimi çaldı yarın nazla məsiha nəfəsi
Müəllif: Hüseyn Cavid


Qəlbimi çaldı yarın nazla məsiha nəfəsi,
Nə edim, yoxdu yazıq aşiqinin dadrəsi.

Məni məftun eləmiş nazlı gözəllər daim,
Bircə an da könülün eşqə azalmaz həvəsi.

Kimə izhar eləyim dərdimi, öldüm qəmdən,
Nə ürək qaldı, nə yarın mənə xoş söz deməsi.

Vermişəm qəlbimi bir işvəli tərsa qızına,
Ki çox aşiqlər ilə dolmuş onun dairəsi.

Ona huri demərəm, huridə olmaz belə naz,
Görməmişdir belə bir nazı bəşər silsiləsi.

Qəlbimin Yusifini saldı zənəxdan çahına,
Sanki bir bülbülü həbs etdi onun can qəfəsi.

De yazıq Gülçinə məcnunluğunu tərk eləsin,
Çünki Leyli dəvəsindən kəsilib zəng səsi.