Qərib məzar sorağında

Qərib məzar (2023)
Müəllif: Araz Yaquboğlu
Mənbə: QƏRİB MƏZAR

2005-ci il iyunun 30-da qağam (biz atamıza Qağa deyirdik) Yaqub Hacıyev 67 yaşında Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etdi. Bundan sonra bir fikir məni rahat buraxmırdı: – Biz ulu babalarımız haqqında nə qədər məlumatlıyıq? Əgər qağam babaları haqqında 50 % məlumatlı idisə, mənim məlumatım ancaq 20 % olardı. Mənim uşaqlarımın məlumatı isə 5–10 % olacaqdı. Çünki bu məlumatlar ancaq şifahi idi, yazılı heç nə yoxuydu. Dildən-dilə ötürülə-ötürülə gələn məlumatların isə bir qismi yaddan çıxıb unudulur, çox az hissəsi isə xatirələrdə qalırdı. Yazılı məlumatların üstünlüyü odur ki, gələcək nəsillər üçün əhatəli olmasa belə, dəqiq informasiya verə bilir. Çox fikirləşdikdən sonra övladlarımın babası – qağam haqqında bir xatirə kitabı və o kitabda nəslimizin şəcərəsini yazmaq fikrini qətiləşdirdim. Bu işin üzərində aylarla çalışmalı oldum və qağamın il mərasiminə qədər “Elin yaddaşında yaşayan ömür” adlı kitabı – ilk kitabımı çap etdirdim.
Nəslimizlə bağlı ağsaqqallardan müxtəlif mövzularda maraqlı informasiyalar əldə edirdim. Bunlardan biri də Nəsib babamın babası Hacı Balı haqqında idi. Hacı Balının Hacı Kərim adlı bir qardaşı və Xatun adlı bir bacısı da olub. Atalarının da adı Rəsul olub. Rəhmətlik Əmirxan əmim onun haqqında belə deyərdi:
“Hacı Balı mal-heyvan sürülərindəki heyvanın sayını bilməzmiş. Hətta deyirlər ki, səhər-səhər onun naxırlarının əvvəli örüşə çatanda ardı hələ kənddən təzəcə üzülərmiş. Babamız Hacı Balının bir xasiyyəti varıymış: Kəndə gəlmə, yad adam qoymazmış. Gələn olsa da onu sıxışdırar, alaçığını dağıdar, taxılını, arpasını yerlə bir edərmiş. Bunları etməkdə məqsədi o imiş ki, kənddə yad, gəlmə adam olanda oğurluq, quldurluq baş alıb gedəcək. Gəlmə adam kəndi korlayacaq, eli, camaatı bir-birinə salacaq”.
Şiruyə əmim isə belə bir söhbət edərdi: “Hacı Balı Göyçə köçkünlüyü vaxtı mal-qarasını da götürüb Daşkəsənin Xaçbulaq yaylağına köçüb. Orda da vəfat edib. Məzarı Mollahəsənli kəndindədir. 1963-cü ildən bizim Yeni Daşkənddə yaşayan, Mollahəsənlidən olan Möhsüm kişi elə hey deyərdi ki, mən kəndimizin qəbiristanlığında Hacı Balının məzarının yerini bilirəm. Üstünə də “Göyçəli Hacı Balı” yazılıb. Bir gün gedəyin sizə göstərim. Elə bu ay gedərik, gələn ay gedərik, eləcə də vaxt uzandı. Möhsüm kişi də rəhmətə getdi. Gedib Hacı Balının qərib məzarının yerini bilə bilmədik”.
30 iyun 2008-ci ildə qağamın üçüncü ildönümü mərasimində qərara gəldik ki, sabah yox, o birisi gün – 2 iyulda Daşkəsənə gedək. Elə də etdik. Əmirxan əmimin oğlu Əlinin maşını ilə Şiruyə əmim, onun böyük oğlu Aqşin və mən Hacı Balının qərib məzarının axtarışı məqsədi ilə Daşkəsən rayonuna yön aldıq. Tərtər, Goranboy, Göygöl rayonlarını keçib Daşkəsən ərazisinə daxil olduq. Üç əmioğlu və Şiruyə əmim elə şirin-şirin söhbətlər etdik ki, sanki yola körpü saldıq, Daşkəsənə necə çatdığımızı belə bilmədik. Daşkəsən təbiətinin gözəlliyi öz yerində, amma oranın bir gözəlliyi də müxtəlif filiz yataqları və mədənlərdən çıxarılan filizin daşınması üçün çəkilən kanat yoludur. Kanat yolu dağları daha baxımlı, insanı isə heyran edir.
Səfər zamanı əvvəlcə birbaşa Murovdağ silsiləsinin ətəyində bərqərar olan Xoşbulaq kəndinə getdik. Kəndin içindən keçib yaylaqlara doğru maşınımız nə qədər gedə bilirdisə hərəkət edib bir bulağın başında dayandıq. Sərin sudan içib üzü Göyçəyə doğru xeyli tamaşa etdik, Göyçə ilə bağlı xatirələrimizi dilə gətirdik. Qoyun-quzu dağların güllü-çiçəkli yamyaşıl yamacına elə yayılmışdı ki, sanki rəssam tablosu idi. Uzaqda bir neçə yerdə çobanların alaçıqları da gözə dəyir, könül oxşayırdı. Yan-yörəsində qızlar-gəlinlər sac üstündə yuxa, bəziləri ocaq üstündəki qazanda yemək bişirirdilər. Bir neçə yerdə nehrə çalxalayanlar da aydınca görünürdü. Hətta bizim yaxınlığımızda, nisbətən düzənlikdə olan bir neçə alaçıq-dəyələr də vardı ki, yanında minik avtomobili də vardı. Maraqlandıq ki, əsasən Gəncədən gəlib burada bir neçə gün bu şəkildə qalıb istirahət edib qayıdırlar. Yaxınlığımızda olan bir ağsaqqal qarşıdakı hündür bir dağı göstərib dedi ki, dağın o üzü Göyçənin Ağyoxuş kəndidir. Biz elə özümüzü onsuz da Göyçədə hesab edirdik. Çünki bu yerlərin təbiəti Göyçənin təbiətinə çox oxşayır.
Bir qədər sonra səfərimizin məqsədinə görə bir az geri qayıdıb Mollahəsənli kəndinə doğru yol aldıq. Əsas magistiral yoldan sağa sərt eniş edib, Narzan bulağın yanından ötüb, Mollahəsənliyə çatdıq. Burada qarşımıza çıxan bir kişi ilə Şiruyə əmim gəlişimizin məqsədi haqqında bir az söhbət etdi. O, bu haqda məlumatsız olduğundan qəbiristanlığın yerini soruşub yolumuza davam etdik. Kəndin içindən keçib bir az qabaqda sol tərəfdəki hündür olmayan yamacda yerləşən qəbiristanlığa çatdıq. Məzarlığın sökülüb dağılmış dəmir çəpərindən keçib üstü yazılı qəbirlərə baxmağa başladıq. Məzarlıqda xeyli qədim qəbirlər vardı. Bəzilərinin üzərindəki əksi əlifba ilə yazılanları Şiruyə əmimlə Əli oxuya bilirdi. Hamısını oxuyandan sonra Hacı Balıya aid olan heç bir məzara rast gəlmədiklərini söylədilər. Bir çox məzarların üstündə isə başdaşı heç bir qeyd olmayan qaya daşlarından ibarət idi. Sinə daşı haqqında isə danışmağa dəyməz. Üzəri ot ilə örtülmüş idi. Biz orada olan müddətdə hətta yuxarıdan qoyun sürüsü otlaya-otlaya gəlib məzarlıqdan keçib getdi. Bu şəraitdə yüz il sonraya qəbrin normal halda qalması (hətta yazı olsa belə) hesab etdik ki, mümkün deyil. Biz bu səfərə çıxarkən kənddə Şiruyə əmimin kiçik oğlu Üzeyir bizə demişdi ki, həmin qəbiristnalıqda Hacı Balının qəbrini mən də görmüşəm. Elə çəpərin qapısından keçən kimi soldadır. Tez Üzeyirə zəng etdik, təəssüf ki, həmin gün biz qayıdanacan Üzeyirə zəng çatmadı, telefonu söndürülmüşdü. Bu zaman gördük ki, uzaqdan bir QAZ-69 Vilis gəlir. Biz yola çıxıb onu gözlədik. Gəlib yanımızda dayandı. Fikrimizi, gəlişimizin məqsədini ona danışdıq. Bizə bu barədə nə kimi kömək edə biləcəyini soruşduq. O da dediki gedim kəndə yaşlı bir adam var, onu gətirib gəlim. Bir azdan qayıdıb gəldi. Gətirdiyi 70 yaşlı ağsaqqal da bizlə bərabər məzarlığın içində gəzərək xeyli söhbətlər etdik. Amma bir nəticə hasil olmadı. Dedi, bizim kənddə elə də yaşlı və məlumatlı adam yoxdu. QAZ-69-un sürücüsü gələrkən bizə yenicə bişmiş isti təndir çörəyi ilə pendir də gətirmişdi. Göyçəmənlikdə süfrə salıb bərabər pendir-çörək yedik. Şiruyə əmim bütün çiçəkləri, otları yaxşı tanıdığından onlardan da qırıb yeyirdi. Ən çox da dadlı olanı yolotu idi. Orada dağın və dərənin yamacında şəkil çəkdirdik. Qəbirisitanlıqla üzbəüz “Qız qəbri” deyilən ocaq vardı. Ora nəzir qoyduq. Əvvəldə adı çəkilən, bizim kənddə yaşayan Möhsüm kişinin oğlu Bərşad (Tofiq Əsgərov) vəfat edəndə gətirib bu qəbiristanlıqda dəfn etmişdilər. Onun məzarını axtarıb tapdıq, ziyarət etdik. Bizə qonaqpərvərlik edən Mollahəsənlidən olan oğlan və ağsaqqalla sağollaşıb ayrıldıq.
Artıq hava xeyli istilənmiş, günorta olmuşdu. Biz həm bir az dincəlməli, həm də nahar etmək üçün elə Mollahəsənli yolunun üstündəki Narzanbulaqda dayandıq. Burada süni də olsa tikilən gözəl bir şəlalə ətrafa sərinlik verirdi. Hündür çinar, qələmə və söyüd ağaclarının da isti havada sərinlənmək üçün əvəzi yox idi. Orada qoyun otaran çobandan atını alıb bir az çapdıq. Dərə boyu en gedib, uzun gəldik. Restoranda oturub çörək yeyəndə bizim çardaqdan xeyli aralıda aşıq gördük. Hələ yemək yeyən az olduğundan aşıq boş idi, çalıb-oxumurdu. Ofisianta dedik ki, aşığa desin ki, bizim yanımıza gəlsin. Aşıq gəlib bizimlə çox səmimi görüşdü. Bu Daşkəsən rayonunun Təzəkənd kəndindən olan Aşıq Məhəmməd Qaşqaçaylı idi. Tanışlıq edə-edə sazı köynəyindən çıxartdı. Mən qabağa düşüb soruşdum ki, şair Sərraf Şiruyəni eşitmisənmi? Dedi, əlbəttə, şair Şiruyəni eşitməyən varmıki? 1980-ci illərdən onun şeirləri çox məhşurdu. Oxuyuruq həmişə. Dedim ki, şair bizim aramızdadı. Hansımıza oxşadırsan? Aşıq yaşı nəzərə almadan, tələsik əmioğlu Əlini göstərib dedi ki, budur. Sazda gəraylı havasını çalanda bildim ki, Şiruyə əmimin məhşur “Ola” şeirini oxumaq istəyir. Zatən aşıqlara Sərraf Şiruyədən oxu deyəndə birinci bu şeiri oxuyurlar. Aşıq giriş ifasını edib oxumaq məqamına çatanda şeiri deyə bilmədi. Bir də başladı sazda havanı əvvəldən çalmağa. Yenə alınmadı. Hiss etdim ki, şeirin birinci sətrini yadına sala bilmir. Aşıq gəlib oxuma məqamına çatanda dillənib dedim: “Bu fələklə nərd atasan”. Aşıq başladı oxumağa. Elə bil ki, aşığı böyük bir bəladan qurtardım. Yeri gəlmişkən, bir şey də deyim: Şeirin birinci sətri qiraət üçün çox vacibdi. Bəzən şeiri əzbər bilsən də birinci sətri unutsan şeir yadına düşəsi deyil. Hətta bizim ata-baba yurdumuz Daşkənddə şair Məmmədhüseynin bir nəticəsi olub – Aşıq Əli Şairov. Bunun bir dəftəri varmış. Ancaq yazdığı şeirlərin birinci sətrini qeyd edibmiş. Çünki birinci sətri oxuyan kimi şeiri əzbərdən deyirmiş. Böyük Vətən müharibəsi başlayanda müharibəyə gedib və bir daha geri qayıtmayıb. Bununla da bir bölük şeirləri sinəsində aparıb.
...Hə, Mollahəsənlidə xeyli yeyib-içdikdən, saza qulaq asdıqdan sonra geri qayıtmağa başladıq. Qayıdarkən yolboyu Şiruyə əmim şairlərlə görüşlərindən, deyişib-dərdləşmələrindən danışırdı. Söhbət Aşıq Ələsgərin nəvəsi Haqverdidən düşəndə biz hələ Bayan kəndinə çatmamışdıq. O, 1988-ci il qaçqınlığından sonra Bayan kəndində məskunlaşmışdı. Qərara gəldik ki, Daşkəsən rayonuna gəlmişkən onunla görüşək. Zəng edib əmioğlu Qılmandan telefon nömrəsini alıb danışdıq. Dedi, evdəyəm gələrsiz, görüşərik. Gözəl mənzərəli Bayanın dolama yollarını endikcə adam təbiətə valeh olurdu. Müxtəlif hündürlüklərdə tikilən, üstü qırmızı kirəmitli evlər kəndi daha da əsrarəngiz edibdi. Kəndin mərkəzinə çatanda Şiruyə əmim dediki, Haqverdiyə zəhmət verməyək, həm də görüşsək, gecikəcəyik. Fikrimiz vardı ki, Hacıkəndə də gedək. Beləliklə, Haqverdi müəllimlə görüşmədən yol aldıq Hacıkəndə. Onu da deyim ki, Haqverdi müəllim sonralar xəbər göndərmişdi ki, incimişəm Şiruyə dostumdan, gözlədim gəlmədi.
Hacıkəndə çatanda artıq yenə acıxmışdıq. Dağın sərin havası adamda iştah əmələ gətirir. Sərin bulaq suyundan içdikcə həzm yaxşı gedir, adam tez acıxır. Hacıkənddə, dağların qoynunda yaxşı bir xatirə şəkli çəkdirdik. Çardağın birində əyləşib, yemək sifariş verdik. Bu zaman bir aşıq gəldi. Dedi Kəlbəcərliyəm. Özüm də Çaykənddə oluram. Kəndçimiz zurnaçı Səyyafı soruşduq. Dedi ki, yaxşı tanıyıram, qonşuyuq. Mən dedim ki, onda onun qaynı Eldar Həsənliyi də tanıyarsan. Dedi, əlbəttə, sizə ondan bu dəqiqə bir şeir oxuyacam. Başladı “Dünya mənim qəfəsimdi” adlı şeiri oxumağa. Şeiri bir tərzdə oxudu ki, hələ belə qarmaqarışıq oxuyan aşıq görməmişdik. Dedim, aşıq, bəlkə Sərraf Şiruyədən oxuyasan. Dedi o da baş üstə. Başladı “Ola” şeirini oxumağa. Allah-Allah, şeirin bəndlərini qatdı bir-birinə, özündən əlavə sözlər qatıb oxudu və s. dedik sağ ol, da bəsdi. Bir beşlik verib yarı-yarımçıq yola saldıq.
Bizim Hacı Balı babamızın məzar axtarışı beləcə bitdi. Daşkəsən səfərimizdən qayıdan günün səhərisi təəssüratlarımı belə ifadə etdim:

Gəldim Daşkəsənin seyrinə daldım,
Ata yurdum Göyçə yadıma düşdü.
Dağları dolaşıb, dərəni gəzdim,
Ata yurdum Göyçə yadıma düşdü.

Şirin məclis qurduq biz Xoşbulaqda,
Aşığı dinlədik “Narzan bulaq”da,
Adama xoş gəlir ot da, alaq da,
Ata yurdum Göyçə yadıma düşdü.

Sərraf Şiruyədən oxudu aşıq,
Saz səsə verirdi gözəl yaraşıq.
Arazam, qayıtdım fikri dolaşıq,
Ata yurdum Göyçə yadıma düşdü.

Sözardı: Hacı Balı ilə bağlı Daşkəsən səfərimizdən 15 il ötürdü. 2023-cü ildə Göyçə mahalının Daşkənd kəndindən 1953-cü ildə deportasiya olunmanın və Yeni Daşkənd kəndinin yaranmasının 70 illik yubileyinə ithaf etdiyim “Daşkənddən Yeni Daşkəndə” adlı kitab üzərində işləyirdim. Hansısa informasiya haqqında axtarış edərkən qarşıma “Azərbaycan” qəzetinin kitab şəklində çap olunmuş 5-ci cildində Daşkəndlə bağlı məlumat çıxdı. 1919-cu il fevralın 6-da qəzetin 109-cu nömrəsində nəşr olunan teleqram olduğu kimi belədir:

NƏZARƏTLƏRDƏ
[NAZİRLİKLƏRDƏ]

Şubatın 6-sından Rəisi-vükəla namına [Baş nazir adına] Gəncədən böylə bir teleqram alınmışdır:

“Ətraf kəndlərin erməniləri bir neçə gün bundan əqdəm [qabaq] bir neçə nəfərimizi dəhşətli bir surətdə qətl etdikdən sonra Qızılvəng kəndini talan etmişlər. Rica ediriz ki, bizi və işbu Hüseynqulu, Ağalı, Daşkənd, Sarıyaqub və başqa Novo-Bayəzid qəzası kəndləri əhalisini dəhşətlərdən qurtarasınız. Rica edirlər ki, mühafizədən ötrü bizə min nəfərdən ibarət bir qoşun qitəsi [dəstəsi] verəsiniz. Bütün məxaricatı [xərcləri] öz öhdəmizə götürürüz. Gəncədə əmrinizi bəkləyiriz.

Daşkənd camaatı müvəkkili:
Hacıbala Rəsul oğlu”
(Mənbə: “Azərbaycan” qəzeti, (1918-1920). 20 cilddə, V cild. (Fevral 1919). Bakı, ADA Universiteti, 2022. səh.125)

Həmin qəzetin 1919-cu il fevralın 3-də nəşr olunan 104-cü nömrəsində isə Hacı Balının qardaşı Hacı Kərimin oğlu, adı dastanlaşan el qəhrəmanı Məşədi Qasım haqqında da bizlərə bu günə qədər məlum olmayan məlumata rast gəldim. Mir Abbas Bağırov “Yeni vicdansız təcavüzlər” adlı məqaləsində həmsöhbət olduğu bir cavanın gördüyü əhvalatı belə qələmə alır:
“Mən Qazaxlıyam. Göyçə gölü ətrafı müsəlman kəndlərindən Daşkəndinə qonaq getmişdim. Məndən beş-altı gün qabaq çox hissəsi “qaxtaqan” [qaçqın] ermənilərdən və yarısı atlı, yarısı da piyada olaraq 750 nəfərdən ibarət erməni əsgərləri 3 pulemyot və 2 ədəd topla bərabər Novo-Bayǝzid müsəlman kəndlərindən rəsmi surətdə xərc yığmaq adı ilə bu kəndlərin üstünə gəlmişlər. ...Erməni əsgərləri hər müsəlman kəndinə yetişirdilərsə, qabaqca o kənd camaatının qalan silahlarını alırdılar. Sonra kəndlilərin öhdəsindən gələmməyəcəkləri surətdə cəbrən [zorla] ağır-ağır xərclər alırdılar. ...Sonra “Daşkənd” denilən kənddən otlu, taxıllı, neftli və talan olaraq 280 min manatlıq qarət və zəbt etdilər. Bundan savayı həmin kəndin sakini Məşhədi Qasımın 120 baş qoyununu, 24 baş qaramalını, 50 araba otunu və 10 min manatlıq miqdarında ev müxəlləfatını [ev əşyasını] aldılar”. (Mənbə: “Azərbaycan” qəzeti, (1918-1920). 20 cilddə, V cild. (Fevral 1919). Bakı, ADA Universiteti, 2022. səh.29)
Yuxarıdakı yeni məlumatdan əlavə günümüzə qədər Məşədi Qasımın 23 yanvar 1919-cu il tarixli xahişnaməsi və 11 mart 1919-cu il tarixli teleqramı bizlərə məlum idi.