Qəriblik (Xəstə Bayraməli)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qəriblik
Müəllif: Xəstə Bayraməli
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018

Bir söz sərrafıydım bu zamanənin,
Qəflətən qarşıma çıxdı qəriblik.
Ana yurdu qucaqlamaq istədim,
Qəlbimi pünhanca sıxdı qəriblik.
 
O gündən ki, bir gözələ vuruldum,
Xəzan vurdu, budağımdan qırıldım.
Mən vüsalı haraylayıb yoruldum,
Bu minvaldan çox uzaqdı qəriblik.
 
Oyananda müxənnətin səsindən,
Ürəyim bulandı qiyafəsindən.
Küskün taleyimin pəncərəsindən
Gizlicə boylanıb baxdı qəriblik.

Xəyal məhvərində dumanlı sərim,
Yüz dəfə atmışam, yek verib zərim.
Çox da oxunmasın həyat dəftərim,
Qəm sətirli bir varaqdı qəriblik.
 
Bayraməli düşüb min qilu-qala,
Payimaldı əl çatmayan vüsala.
Boylandı, durnalar qayıdan yola,
Həsrət dənizimdə axdı qəriblik.