Qəzəl (Şair Məhəmməd)
Qəzəl (Şair Məhəmməd) Müəllif: Şair Məhəmməd |
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 68 |
Gəzdirim zari-dil, xəstə, gördüm bir yaxşı ruhani.
Salam verdim, əleyk aldı, dedi: xoş gəldin, mehmanı!
Çəkdi zəhmət, tutdu dəstim, soruşdu halü əhvalım,
Gördü qəlbim pərişandı, dedi: şükr eylə sübhanı.
Xəbər verdi şəriətdən, təriqətdn, mərifətdən,
Xoş bəlağət, şirin ləhcə, qumru tək açdı zəbanı.
Dedi ki, haqq o dünyadı, qoymayıb bircə peyğəmbər,
İsgəndəri, Süleymanı, Hatəmi - sahib-sufranı.
Hanı haru ki, yığmışdı o qədər malü ənvalı?
Köçüb boş getdi dünyadan, axır fanı eylədi fanı.
Bu bir bazari-Yusifdi, mətahın bir kələf olsa,
Çıxart bazara mətahın, yox onun eybi, nöqsanı.
Qadir Allah, özün saxla pənahında bu oğlanı -
Məşəd molla Saleh adlı qazını - Hacızadanı!
Duaçındı ruziOməhşur, mərhəmət qıl Məhəmmədə,
Xilas eylə əzabından, dəhrdə çoxdur üsyanı!