Qəzəllər (Əhməd Cavad)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qəzəllər (Əhməd Cavad)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Mərhəmət etsən əgər varmı qüsuri bir gör,
Xaliqin əmr eyləyib bən deyürəm rəhm eylə!

Baisi-mövtüm olub, batma vəfasız qanə,
Bəsdir hicran yarası, bən ölürəm, rəhm eylə!

Çox cəfa eyləyərək tərki-cahan qılırdın,
Sonrakı aşiqinə, bən gedirəm, rəhm eylə!

Ey xudavəndi-kərəm, əhvalimə eylə güzər.
Taşa təsir eyləyən ahim sana etməz əsər!

Səngdil olmaq sana bilməm neyçün vacib kibi,
Sən hərami vacib etdin, çox dilə verdin kədər!

Sən bəni xar eylədin, Allah səni xar etməsün,
Hansı məzhəbdə rəvadır, böylə zülm, ey bixəbər!

Sən bəni nalan edərsən halimə xəndan olub,
Xəndeyi-rəhmət bana bəsdir təcəssüddən səmər.

Öz camalından əgər kəndin xəbərdar olmasan,
Bax də bir ayinəyi xofi-xudadan qıl həzər!

Ararkən yarə uğraşdı, dilim məhsuldar olmuş,
Nə məsudəm, xudavənda, müqabil gülüzar olmuş!

Gecə-gündüz şikayətlər umə ruyin fəraqindən,
Zəbanım lal olub hala: Müsadifi1-hüsni-yar olmuş.

Gəzim əma idi əşki təhəssür tökməkdən naşi,
Münəvvər qıldı yarım lütflə ol bəxtiyar olmuş!

Nə gördim bir büti-zibayi-məh surət, hilal əbru,
Bənim nəqşim qədər, hüsni məzid girdigar olmuş!

Bükülmüş qamətim gördükdə ol sərvi-səmənsayı,
Düzəldi qeddi-məyubim, hər qusum feyzbar olmuş!
1909, 3 noyabr